“Keşlə”nin kapitanı Tərlan Quliyev avrokubok macəralarının erkən bitəcəyi ilə barışıb. Düzdü, müdafiəçi ağıllı oyun sayəsində “Soçi”dən revanş almağın mümkünlüyünü deyir. Lakin “Futbolinfo”ya verdiyi müsahibədən anlaşılır ki, bu, çox kiçik ehtimaldı.
– “Keşlə” “Soçi”yə böyük hesabla uduzdu. Əslində, əvvəlcədən məğlubiyyət gözlənilirdi. Ümumiyyətlə, bu səfər matçında qalibiyyətə ümid edirdiz?
– Açığı, “Soçi”nin necə komanda olduğunu bilirdik, gücünə bələd idik. Amma mübarizə apardıq, meydanda əlimizdən gələni etdik. Minimal hesabla da uduzmaq olar, böyük hesabla da. Bu, futboldur və hər cür nəticə mümkündür. Belə deyim ki, səfər oyununda çoxlu fərdi səhv etdik.
– Evdə növbəti mərhələyə keçmək mümkündür? 0:3-ün revanşını almaq olar?
– Futbolda hər şey olur. Stadionumuz da süni örtüklü meydançadır və bilmək olmaz onlar burda necə oynayacaqlar. Həm də biz hesaba baxmamalıyıq. 0:3 və ya 0:5 – bunun heç bir əhəmiyyəti yoxdur, çıxıb meydanda futbolumuzu oynamalıyıq. Meydançaya çıxanda elə düşünməliyik ki, hər şey yenidən başlayır.
– “Keşlə”nin heyəti heç də yaxşı deyil. Bu səbəbdən sizin üçün Konfrans Liqasını başa çatmış saymaq olar?
– Ötənilki heyətimiz qalsaydı, bəlkə hər şey fərqli olardı. Məsələn, Sezar Meza Kolli, Con Kamara, Vüsal İsgəndərli getdi. Onlar burda qalsaydı, rəqibə daha yaxşı müqavimət göstərərdik. Çünki futbolçular hamısı komandaya uyğunlaşmışdı, öyrəşmişdi. Sezarla Vüsal elə komandalara getdilər ki, onlar yüksək maaş alacaqlar. Böyük ehtimalla “Keşlə”nin elə maliyyəsi yox idi, maddi problemlər var idi ki, onları saxlaya bilmədi.
– Ümumiyyətlə, komandanın heyəti son illərə nisbətən çox zəifdir. Azərbaycan Kubokunun qalibinin bu vəziyyətdə olmasına səbəb nədir?
– Bunun səbəbi yəqin ki, maddi problemlərdir. Düşünürəm ki, maddiyyatdan başqa heç bir çətinliyimiz yoxdur.
– Yəni komandanın büdcəsi azaldılıb?
– Biz də eşitmişik ki, komandanın büdcəsi azaldılıb, büdcə aşağı salınıb. Bu, ötən illə müqayisədə fərq yaradır.
– Növbəti mövsüm “Keşlə” Premyer Liqada nə üçün mübarizə aparacaq?
– Niyyətimiz yenə avrokuboklara düşməkdi, yüksək yerlər uğrunda mübarizə aparmaq istəyirik. Amma necə olacaq və nələr baş verəcək – birlikdə görəcəyik.
– Yeni transferlər barədə nə deyə bilərsən? Kapitan kimi hansı mövqeyə oyunçular lazım olduğunu düşünürsən?
– Bu barədə nəsə demək çətindir, hər şeyi zaman göstərəcək. Hər mövqeyə bir futbolçu transfer olmalıdır. Görünən budur. Lakin maddi məsələlərə görə yəqin ki, bu mümkün olmayacaq. Gətiriləcək legioner də yüksək səviyyədə, yerli oyunçudan 2-3 baş üstün olmalıdır ki, bizə xeyir versin.
– “Keşlə”nin “Soçi” ilə ev oyununda əsas üstünlüyü nə olacaq və necə rəqibi məğlub etmək olar?
– “Soçi” sürətli yox, ağıllı komandadır. Onlara qarşı səbrlə, təmkinlə, ağılla oynamq lazımdır.
AĞA