Riad Rəfiyev ölkə xaricindədi, milli komandaya məşqçi axtarır. Menecer kimi fəaliyyətinə son verməyən, klub prezidenti olmasına baxmayaraq, millilərimizə məşqçi gətirmək, yüksək komisyon haqqı almaq xasiyyətini tərgitməyən bu adam yenə klubu yox, şəxsi mənafeyini düşünür. Əvvəlkilər bir yana, indikilərin – Canni de Byazi və Milan Obradoviçin ölkəmizə gətirilməsindən 100 min avrodan çox xalis gəlir götürən bu şəxs yenə cibini, şəxsi mənafeyini düşünür.

 

Sumqayıtla yaxından-uzaqdan əlaqəsi olmayan, AFFA tərəfindən bu şəhərin eyniadlı klubuna rəhbər göndərilən Rəfiyev şəxsi münasibətlər, assosiasiya rəhbərliyi ilə şərikliyin nəticəsində reallaşan müftə qazancın arxasınca getdiyi bir zamanda maraqlarını qorumalı olduğu “Sumqayıt”ı top kimi çiləyirlər. Ötən turun “Sabah”la oyununda başverənlər, komandanın qərəzə məruz qalması azmış kimi dünən də İntizam Komitəsi “kimyaçılar”a növbəti zərbəni vurdu.

 

QƏRAR: “Sabah” – “Sumqayıt” oyununda “Sumqayıt”ın futbolçusu Murad Xaçayev “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb, klubu 4000 manat cərimə olunub. Oyunun mətbuat konfransı zamanı “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov hakimin idarəçiliyinə qarşı qeyri-etik ifadələr işlətdiyi üçün klub 1600 manat cərimə olunub”.

 

Xatırladaq ki, sözügedən matçda baş hakim İnqilab Məmmədov 12-ci dəqiqədə qonaqların oyunçusunu meydandan qovmuşdu. Xaçayev hakim qərarına etiraz etmiş, hətta “sarı”ya layiq olmadığı halda qırmızı vərəqəylə cəzalandırılmışdı. Hakim qərarını “təcavüzkar hərəkət” kimi izah etmişdi, halbuki epizodun müxtəlif rakurslardan görüntüləri bunu göstərmir. Əksinə, hakim futbolçunun üzərinə yerimiş, ona toxunmuşdu. Bunu təcavüzkar hərəkət kimi qiymətləndirmək ağılsızlıqdı.

 

Bu epizodla bağlı İnqilabın fikirlərinə gərək yoxdu, zatən özünü həyasızcasına müdafiə edəcək. Necə ki, kuluarlarda dolaşan 20 min manat söz-söhbətini də boynuna almaz, yəqin xərcləmək üçün hələ zaman tapmayıb. Bunlar öz yerində, amma AFFA-nın verdiyi qərara hörmətsizliyini də unutmayaq.

 

Qurum bir müddət öncə hakimlərin mühüm qərarlarla bağlı “CBC Sport”da açıqlama verəcəyini vəd etmişdi. 3 tur keçib, VAR protokoluna uyğun olan 10-a yaxın epizod görmüşük, amma bunlardan yalnız çox az bir hissəsinin açıqlaması, həm də müzakirə edilmədən, hakimlərin dediyi əsl həqiqətmiş kimi verilib, təqdim edilib. Nədənsə AFFA VAR protokoluna uyğun gələn bütün epizodların deyil, yalnız özləri məsləhət bildiklərinin açıqlamasını reallaşdırır. Assosiasiyadan soruşuruq, bunun telekanalla Hakimlər Komitəsinin layihəsi olduğunu deyirlər, “CBC Sport” isə bütün epizodlarla bağlı fikir öyrənməyin texniki cəhətdən mümkün olmadığını bildirir.

 

Hamını başa düşmək istəyirik, lakin bizi başa salsınlar ki, belə olacaqdısa, o qərarın nə önəmi vardı? Yoxsa icraçı vitse-prezident Elxan Məmmədov gözdən pərdə asmaq, hakimliklə bağlı sıralanan şikayətləri səngitmək üçün hiyləyə əl atıb? Doğrusu, ona oxşayır. Yoxsa ki, “CBC Sport”un imkanları çatmırsa, bunu öhdəlik kimi üzərinə götürməyibsə, AFFA o qərarı niyə bəh-bəhlə rəsmi saytında yayımlasın ki?

 

Rəfiyev öz alverindədi, ağalarının qərarına qarşı gələ bilmir, gizlənib. Fikrini öyrənmək istəyirik, hətta klubun mətbuat xidməti də onu tapa bilmir. Klublar Komitəsinin rəhbəri öz klubunu müdafiə edə bilmir, ona isə bütün klubların taleyi etibar edilib.

 

Amma istənilən halda “Sumqayıt” klub olaraq bu qərara reaksiya verməlidi, ən azı AFFA-nın düzgün addım atdığını, Xaçayevin haqlı cəzalandırıldığını deməlidi. Klubdan kimsə fikir bildirmək istəmirdi, amma nəhayət, idman direktoru Zamiq Hüseynovu danışdırdıq: “Qərar həddindən artıq ağırdı. Həmin epizodda hətta sarı vərəqə belə verilməməli idi. Etirazımızı rəsmi şəkildə bildirəcək, apellyasiya şikayəti verəcəyik. Bundan artıq heç nə deyə bilmərəm”.

 

Maraqlıdı ki, artıq növbəti tur başlayır, İntizam Komitəsinin qərarı isə yalnız dünən verildi. Qurumun bu qədər gecikməsi Elxan Məmmədovun göstərişini gözləmələri ilə bağlı imiş. Komitə üzvləri klub nümayəndələri ilə müzakirələrində hətta sarı vərəqənin ağır qərar olduğunu bildirirmiş, amma yekunda icraçı vitse-prezidentin əmriylə belə addıma əl atılıb.

 

Bizdə olan bilgiyə görə, Məmmədov bununla digər klublara göz dağı vermək istəyib. Guya ki, sevimli komandamızı bu vəziyyətə salırıqsa, deməli, hamını cəzalandıra bilərik. Xüsusilə Ayxan Abbasovun cərimələnməsi daha öncə hakimliyi tənqid etmiş, amma cəzasız qalmış 3 məşqçiyə xəbərdarlıq kimi qiymətləndirilməlidi. “Hakimləri qorumalıyıq” fikrini əsas götürən AFFA kaş kimləri qoruduğunun da fərqinə varsa… Frits Stuxlikin yaratdığı cəzasızlıq tendensiyasından sonra azğınlaşan bəzi referilər artıq killerə çevrilib. Təkcə İnqilabın təyinat aldığı 2 oyunda birbaşa nəticəni müəyyənləşdirməsi elə bunun nəticəsidi.

 

Epizodun yanlış dəyərləndirilməsi öz yerində, verilən qərar da İntizam Kodeksinə uyğun deyil. Düzdü, Murad 37.7 maddəsinə uyğun cəzalandırılıb. Orada qeyd olunub ki, “futbolçu fiziki təzyiqə cəhd edərsə”, 5 matçlıq cəza, klubu 4000 manat cərimə alır. Kodeksdə “təcavüzkar hərəkət”lə bağlı bənd yoxdu. Deməli, protokola yazılan qeyd və cəza səbəbi bir-birini tamamlamır. Xaçayev fiziki təzyiqə cəhd göstərmədi, sadəcə, əlləri havada etirazını bildirdi, etirazın cəzası isə maksimum sarı vərəqədi. Hakimin qeydi əsas götürülməməlidi, epizoda baxılıb qərar verilməlidi.

 

Abbasovla bağlı qərar da “kitaba uyğun” verilib. 74.3 bəndində qeyd olunub ki, baş məşqçi  hakim haqda qeyri-etik ifadə işlədərsə, klub 1600 manat cərimə olunur. Burası doğru, amma Ayxan bəyin mətbuat konfransında dediklərinin hansı qeyri-etik ifadədi? Ölkə filoloqlarını müzakirəyə dəvət edək, onlar desin. “Özünə başqa sənət tapsın” dost məsləhətidi, təhqir deyil.

 

İkinci sual: niyə daha öncə hakimlik haqda, həm də daha sərt danışan Samir Abasov, Rəşad Sadıqov, Ramin Quliyev eyni cəzaya məruz qalmamışdı? Çünki onların açıqlamalarında da qeyri-etik ifadə yox idi və cəza absurd olardı. İndi Abbasovun cəzalandırılması Rəfiyevin diligödək olmasına görədi, etiraz etməyə hünəri çatmaz, menecer pulundan məhrum edərlər. Bu gün “Sumqayıt” – öz komandaları ona görə cəzalandırılır ki, etiraz edənlərə görk olsun.

 

Bəli, komitə aşağı-yuxarı protokolda göstərilənlərə uyğun qərar verib. Amma iş ondadı ki, hakimin yazdıqları doğru deyil, qurum üzvləri İnqilab Məmmədovun yazdıqları ilə videogörüntüləri tutuşdurmalı, klubun etirazını nəzərə almalıydı. Eyni zamanda baş məşqçiyə verilən cəzanın konkret hansı ifadəyə görə olduğu izah edilməlidi, həmin ifadənin təhqir olub-olmadığı aydınlaşmalıdı. Yoxsa ki, cəza verənlər də, cəza üçün səbəbi tapanlar da eyni yerdən tapşırıq alır və “Sumqayıt”ın haqqını yeyirlər.

 

Yeri gəlmişkən, İntizam Komitəsində qərarlar daha çox Cahangir Həsənzadənin diqtəsi ilə verilir. Elxan Məmmədovun yeni əlaltısı ağasının tapşırıqlarını nöqtə-vergülünə kimi yerinə yetirir. Futbolçu kimi azarkeşlərin acı xatirəsində möhkəm yer etmiş bu adam son vaxtlar özünü hər yerə soxur, icraçı vitse-prezidentin boş ideyalarını reallaşdırır. Futbol qurumunda elə veteranların işləməsi yaxşıdı, amma gərək hər kəs öz həddini, beyninin ölçüsünü yaxşı bilsin. Qohumluq sayəsində tapılan “arxa” ilə müəyyən vəzifə sahibi olmaq olar, idarəçilik bacarığı isə istedad tələb edir. Qapıçı kimi “çərçivə”də yaxşı olan, hava toplarında quşlayan “Caqa” elə öz çərçivəsində qalsa, yaxşıdı, havaya girmək, havalanmaq yekunda qapısında qol görməsi ilə nəticələnə bilər.

 

Bu qeydi boşuna yazmadıq. Elxanın şəriki olan Riad menecer kimi pul qazanır, əvəzində klubu “Sumqayıt” lazım gələndə ümumi maraqlar üçün qurban verilir. Bu gün özünü AFFA-da toxunulmaz sayan Həsənzadənin də ipi Məmmədovun əlindədi, ağa ehtiyac duyanda “günahları boynuna yükləyərək” onu da kiminsə qabağına yem kimi atacaq.

 

FƏRİD

riad refiyev canni de byazi - Futbolinfo.az
1523302899 10675788 984737001542054 8880341962369356122 n - Futbolinfo.az
Shares: