AFFA yenə hiyləyə əl atır. Assosiasiya rəhbərliyi həm ictimai qınaqdan qaçmaq, həm də istədiyini etmək üçün fərqli yol fikirləşib.

Milli komandaya yeni baş məşqçi təyinatıyla bağlı müzakirələrin qızışdığı bir vaxtda icraçı vitse-prezident Elxan Məmmədov yenə öz oyununu oynayır. Əcnəbi çalışdırıcı ilə bağlı çoxsaylı təcrübələr iflasa uğrayıb, hamısı yalnız pul dağıtmağa yarayıb, real nəticələr olmayıb. Yerli məşqçilərə gəlincə, Qurban Qurbanov Elxanın “mütəşəkkil dəstə”sinin planlarına uyğun gəlmir, Rəşad Sadıqov “moşenniklər” üçün qorxulu kabusdu, digərlərinin təyinatı isə yuxarı dairələrdə qəbul olunmur. Amma ictimaiyyət israrla yerli məşqçi təyinatını tələb edir, hazırkı kadr potensialı ilə əcnəbi gətirilməsini məqsədəuyğun hesab etmir.

Məmmədov hiyləgərcəsinə çıxış yolu fikirləşib. O, əksəriyyəti razı salmaq, ən azı narazıların fikirlərini haçalamaq, üstəlik, dövlət rəhbərliyi səviyyəsində müsbət cavab almaq üçün Türkiyə kartını ortaya atıb. Qardaş ölkəylə münasibətlərin indiki səviyyəsini nəzərə alan icraçı vitse-prezident millini qardaş ölkədən bir məşqçiyə tapşırmaq niyyətindədi. Təbii ki, bu ölkəni sevdiyindən deyil, məcburiyyətdən, indiki anda özünü qorumaq üçün…

14 ildi futbolda ağalıq edən, bugünədək Türkiyə ilə bağlı xoş bir ifadə işlətməyən Məmmədov indi “türkçü olub”. Avropa çempionatının final mərhələsinin qrup oyunları zamanı Britaniya, İsveçrə səfirləri ilə qol-boyun olan, qrupdakı Türkiyənin düşərgəsinə getməyi belə lazım bilməyən Elxan indi şəraitə uyğun addım atır. Dünən milliləşdirilən dağıstanlılara “qardaş” deyən, uzun illər avropalılarla hər cür əməkdaşlıq edən, cənubi azərbaycanlı adıyla iranlılara qucaq açan icraçı vitse-prezident sabahı türkiyəlilərlə görür. Müharibə dönəmində Bakıda oynanılmasına icazə verilməyən seçmə matçları qardaş ölkəyə deyil, Xorvatiya kimi yad ölkələrə salan Elxan indi fərqli addımlar atır.

Ötən ildən TFF ilə mütəmadi görüşlər bu planın tərkib hissəsi idi. Bir müddət öncə Samet Aybabanın “Azərbaycanda biz işləməliyik” açıqlaması, “Teşkilat” serialında AFFA-nın loqosunun yer aldığı geyimlər də təsadüf sayılmamalıdı. Məmmədov və himayədarları məkrli siyasətçilərdi. Və hazırda türkiyəli məşqçilərlə danışıqlar başlayıb. AFFA müxtəlif kanalları işə salaraq yığmamıza gətirmək üçün məşqçi axtarır, hazırda danışıqlar davam edir.

Əldə etdiyimiz bilgiyə görə, ilk hədəf Ərtuğrul Sağlamdı. Bir sıra klublarda işləmiş, “Bursaspor”u Türkiyə çempionu etmiş, İranda qürurumuz “Traktor”da da fəaliyyət göstərmiş bu mütəxəssislə danışıqlar başlayıb. O, vaxtilə Bakıya dəvət edilmiş, millimizin oyununa baxmış, ilkin danışıqlar aparılmışdı, hazırda yenidən bu məsələ gündəmə qaytarılıb. AFFA elə bir namizəd seçmək istəyir ki, yerli məşqçi müzakirələri tamamilə unudulsun, üstəlik, milliyə təyinatda həlledici söz sahibi olan dövlət rəhbərliyi narazı qalmasın. Yəni, Məmmədov millinin uğurunu, futbolumuzun perspektivini düşündüyü üçün yox, öz postunu qorumaq naminə türkiyəlilərə “qardaş” deməyə başlayıb. Əslində isə bu adamın Azərbaycanı sevməsi belə şübhəlidi, karyerası üçün hər şeyi qurban verməyə hazır biridi.

Türkiyə qardaş ölkədi, lakin indiki halda millimizi, futbolumuzu onlar da xilas edə bilməz. Mustafa Dənizlini də görmüşük, Bülənt Korkmazı da. Həm də indiki halda məşqçilərin səviyyəsi müzakirə mövzusu deyil, futbolumuz uçurumdadı. Xilas üçün yığmaya əcnəbi məşqçi gətirilməməlidi, futbol sistemi yenidən qurulmalı, AFFA-da islahat aparılmalı, səriştəli mütəxəssislər iş başına gətirilməlidi. Məmmədovun məkrinə, hiyləsinə aldanmayaq.

CAVAD

Shares: