Elxan Məmmədovun “Keşlə”ni tələsik “Şamaxı”ya çevirməsi heç də öz təşəbbüsü deyil. Daha doğrusu, onun təşəbbüsüdü, amma aldığı tapşırığın öhdəsindən gəldiyini göstərmək üçün belə edib, bölgələri düşündüyü üçün deyil.
Mətbuatın illərdi yazdıqlarını, irəli sürdüyü təklifləri gözardı edən AFFA-nın icraçı vitse-prezidentinin tələsik qərar verməsinin səbəbi aldığı əmrdi. Şamaxı stadionunun açılışı zamanı bölgələrdə komandaların olmaması dövlət rəhbərliyi tərəfindən haqlı olaraq irad tutulub, bu şəhərdə təcili komanda yaradılması istənilib. Məmmədov da vəziyyətdən çıxış yolu kimi “Keşlə”nin adının dəyişdirələrək bölgəyə göndərilməsini lazım bilib.
“Şamaxı”nın loqosunda 2004 yox, 2022 yazılması da yəqin ki, bununla bağlıdı. Məmmədov “tapşırıq verdiz, mən də komanda yaratdım” demək üçün saxtakarlığı lazım bilir. Dövlət rəhbərliyinin detalları incələməyə vaxtı yoxdu, icraçı vitse-prezident də bunu fürsət bilir. Həm də daha öncə belə addımları çox atıb, ona görə də “yuxarılar”a yalan raport verməyə qorxmur. Hazır olmayan Şamaxı stadionunu hazırmış kimi 5 ay əvvəl təqdim edən adamdan danışırıq…