Macarıstanın “Fehervar” komandasının baş məşqçisi Mixael Boris Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Qəbələ”yə qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Sabahkı oyuna da rəqibin yüksək intensivliklə başlayacağını gözləyirik. Amma biz də eyni sürət və aqressivliklə çıxış etməliyik. Evdə 4:1 hesabı ilə qalib gəldiyimiz matça Azərbaycan komandasının yüksək təzyiqlə başlamasını gözləmirdik. Rəqib bizim arxadan oyun qurmağımıza imkan vermirdi. “Qəbələ”nin fiziki cəhətdən hazırlıqlı oyunçuları var, ona görə də biz aqressivliyimizi qorumalıyıq”.
Almaniyalı baş məşqçi cavab görüşünə də eyni ciddiyyətlə yanaşdıqlarını və ilk matçla müqayisədə çox da dəyişiklik etməyəcəklərini dilə gətirib: “Dəyişiklikləri sabah görəcəksiniz. Eyni zamanda bazar günü oyunumuzu da düşünməliyik. Heyətimiz genişdir, rotasiya etməliyik, Amma “Qəbələ” ilə oyun da çox önəmlidir. Çox da dəyişiklik gözləməyin. İlk oyundakı keyfiyyəti, aqressivliyi qorumalıyıq”.
Boris mərhələ şanslarının daha çox olduğunu da etiraf edib. Lakin o, görüşə ciddi yanaşacaqlarını vurğulayıb: “İlk oyundan əvvəl şansların bərabər olduğunu demişdim. Amma indi bir qədər çox olduğunu deməliyəm. Amma hər şeyi nəzərə almalı və matça ciddi yanaşmalıyıq. Bu, dostluq görüşü deyil”.
“Fehervar” Qəbələni cavab oyunundan dərhal sonra tərk etməyərək, ertəsi gün bir məşq də keçəcək. Baş məşqçi belə bir qərar qəbul etmələrinin səbəbini belə izah edib: “Buradan Macarıstana 3 saatlıq uçuşumuz var. Yola gecə ilə çıxmamaq üçün uçuşu növbəti günə saldıq. Həm də gözəl meydançalar və gözəl şəhəri gördükdən sonra burada bir gün də qalmaq xoş olardı. Bazar günü Macarıstan çempionatında “Pakş”a qarşı səfərdə ilk tur matçına çıxacağıq. Ona görə də ən uyğun variant “Qəbələ” ilə matçdan sonra burada qalaraq, birbaşa növbəti oyuna yollanmaqdır”.
“Fehervar”ın mətbuat konfransına qatılan müdafiəçisi Loik Neqo da fikirlərini bölüşüb:
“Biz bura ilk matçı udaraq gəlmişik. Lakin nəticədən asılı olmayaraq, yaxşı oyun sərgiləmək istəyirik. Hər bir oyun bizim üçün eyni dərəcədə önəmlidir. Fərqi yoxdur ki, necə qol vurmuşuq. Qarşımıza qoyduğumuz məqsəd var, qaydalara əməl etməliyik. Bu halda ölkəmizə uğurla dönəcəyik”.