“Zirə”nin bu gün “Sabah”ı Mərdəkandakı “Dalğa Arena”da qəbul etməsi təsadüfi deyil. Qəsəbə təmsilçisi öz stadionunda aparılan təmir işləri üzündən belə qərar verib.
Futbolinfo.az-ın əldə etdiyi xəbərə görə, hazırda Zirədəki arenanın tribunalarındakı oturacaqlar, media-tribuna, VIP-otaqlar və s. yenilənir. İşləri vaxtında başa çatdırmaq mümkün olmadığından əsas komanda bir neçə matçı Mərdəkanda keçirməyə məcburdu.
Təmir işlərinin nə vaxt yekunlaşacağı ilə bağlı dəqiq məlumat yoxdu, lakin güman ki, “Zirə” doğma evinə sentyabrdan tez qayıda bilməyəcək.
Xatırladaq ki, “Zirə” ilk turdakı oyununu da “Dalğa Arena”da keçirmişdi. O zaman digər “qaçqın komanda” olan “Kəpəz”lə səfər matçı 2:1 hesablı qələbəylə bitmişdi.
“Zirə”nin Mərdəkana köçməsindən sonra “Kəpəz” də ev ünvanını dəyişib. Gəncədə oynamasına icazə verilməyən komanda rəqiblərini əvvəllər “Keşlə”nin məskunlaşdığı “ASK Arena”da qəbul edəcək.