Cənab Prezidentin dünənki tviti bütün Fransaya mesaj idi. Orada yaşayan Elxan Məmmədova da…

“Qarabağ” rəhbərliyinə, xüsusilə Gözəl ailəsinə nə qədər təşəkkür etsək, azdı. Onlar Ağdam klubunu himayəyə götürəndən sonra Azərbaycan futbolunun siması dəyişib. Kiçik bir qəsəbədə – Suraxanıda sağlam təməllər atıldı, iş başına düzgün insanlar gətirildi, böyük missiyanın yerinə yetirilməsi üçün əla mexanizm quruldu. Zaman aldı, lakin illər keçdikcə necə böyük işlər görüldüyü sübut olundu.

Zülmətə bürünmüş Azərbaycan futboluna Suraxanı Atəşgahından işıq düşdü, illər keçdi, uğurlar sıralandı, indi göz qamaşdırır. “Qarabağ” rəhbərliyinə ona görə “çox sağ ol” düşür ki, min bir hiyləyə aldanmadı, təzyiqlərə dözdü, Qurban Qurbanova dəstək oldu. İşi düzgün qurmaları, mükəmməl sistem yaratmaları bir yana, vicdanlı, ədalətli insanlara dəstək olub doğru yolu getdilər.

“Nant”ın darmadağını sıradan qələbə, adi avrokubok matçında qazanılan 3 xal deyil. Dövlət başçısının tviti uğura verilmiş mükəmməl qiymətdi. Belə tvitlərin hansı zamanlarda atıldığını xatırlamaq ümumi mənzərəni dərk etmək üçün kifayətdi. “Qarabağ” yenə Azərbaycanın xoş xəbərə ən çox ehtiyac duyduğu zamanda önə çıxdı, qəlbimizi ovutdu, ruhumuzu oxşadı. Fransa…

Nə yaxşı ki, ölkə futbolundan fərqli olaraq dövlət idarəçiliyi etibarlı əllərdədi. Cənab prezidentə milli komandanın oyunlarından sonra belə tvitlər atmağa şərait yaratmayanlar utansın, nəticə çıxarsın. İşi qarayaxma, gözdənsalma olan, əməlləri ifşa olununca ölkədən qaçan Elxan Məmmədov ən azı “Nant” azarkeşləri qədər məyusdu. Şər xeyirə illərlə mane olsa da, onun qələbəsinə əngəl ola bilmədi.

Bu qələbənin dəyəri dövlət başçısının tviti ilə möhürləndi. Qalib xalqın, qalib dövlətin qalib komandası olmalıdı, səriştəsizlərin idarə etdiyi uğursuz yığma yox. Yığmanı MİLLİ komandaya çevrilməyə qoymayanlar da zamanla təmizlənəcək, sadəcə, zaman gedir, gecikirik, çox gecikmişik. Suraxanıdan yüksələn Günəş ona da şüaları ilə can verəcək. Vaxtilə yalançı məruzə edənlər, gözdən salanların isə aydınlıqdan gözü kor olacaq.

Qarabağda igid əsgərlər, “Qarabağ”da igid oğlanlar AZƏRBAYCANLILARIN hansı nələrə qadir olduğunu sübut edir. Bu xalqı aşağılamağa, gözdən salmağa, ruh düşgünlüyünə uğratmağa çalışanlar ardıcıl zərbələr alır. Bu xalq döyüşməyi də bacarır, yaşayıb-yaratmağı da, futbol oynamağı da – hər şeyi. İşin başında ƏSL RƏHBƏR varsa, gerisi təfərrüatdı.

showpic el100 1 1 - Futbolinfo.az

Böyük Vətən, sənə qələbələr yaraşır. Siyasətdə, döyüş meydanında, idman arenalarında! Müzəffər liderlərinin olduğu bir zamanda əyləcə basanlar əvvəl-axır məhvə məhkumdu. Cəbhədə tarixi uğurlar reallaşdıqca daxildə özünü büruzə verən satqınlar, xainlər ifşa olunur, təmizlənir. Futbolda olduğu kimi… Yola davam, Qarabağ və “Qarabağ” üçün yeni tvitlər gözləyirik. Hamı eyni hədəfə köklənsə, Ermənistan, Fransa darmadağın olunmuşlar siyahısında tək qalmayacaq.

ABBAS

Shares: