Yığmamız Millətlər Liqasında Slovakiyanı geridə qoymağı bacardı. Və bu, tsikl üçün yaxşı sayıla biləcək yeganə nüans idi. Rəqibin durumu, nəsildəyişmə prosesi, daxili porblemlər bunun əsası olsa da, fakt məhz bundan ibarətdi.
Amma AFFA-nın yürütdüyü “uğurlu” siyasət nəticəsində və başqa ölkələrin yetirmələrinin sayəsində əldə edilən yalançı uğur həqiqəti dəyişmir. Belə ki, yığmamız hədəfə çata, qrupdan çıxmağa nail ola bilmədi. Əvəzində qrup liderliyini Qazaxıstan yığması ələ keçirdi. Amma federasiya rəhbərliyi buna görə qətiyyən təəssüf hissi keçirmədi. Fikirləşdilər ki, Millətlər Liqasının son 3 turunda ardıcıl 3 qələbə qazanmışıqsa, deməli, doğru yoldayıq.
Bundan belə nəticə çıxartdılar ki, Avropa çempionatının seçmə mərhələsində Canni de Byazi ilə daha yaxşı nəticə əldə edə bilərik. Bu qərarı qəbul edərkən hələ püşk atılmamışdı. Millətlər Liqasının gərəksiz qələbələrinin eyforiyası o qədər başlarını dumanlandırdı ki, püşkün üzlərinə güləcəyini düşündülər. Amma Frankfurtdakı püşkatmada bu dəfə “səbət”dən “ağ siçanlar” yox, torbadan “qara pişiklər” çıxdı.
Hə, girişdə qeyd etdik axı, federasiya əsasən qonşu ölkələrin futbol akademiyalarından çıxan yerli və milliləşdirilmiş oyunçulara üstünlük verir. Bəs, görəsən, “ağ siçan” axtarışında olan AFFA-nın püşkün qarşımıza çıxartdığı “qara pişiklər”in necə yetişdirilməsindən xəbəri varmı? Dünən Estoniya millisinin “stenoqramı”nı sizə təqdim etdik. Dişimizə görə rəqibdir deyə, onları ayrıca təhlil etdik. İndi qrup əjdahaları – Belçika, Avstriya və İsveç millilərinin üzvlərinin akademiya tarixçəsinə nəzər salacağıq.
Məlum məsələdir ki, bu ölkələrin yığmalarının əksər futbolçuları “böyük beşlik”də çıxış edir. Bu futbolçular üçün əsas məqsəd ölkədən kənarda çıxış etməkdir. Bu gün Kevin de Brüyne Jupiler Liqada, Marsel Sabitzer Avstriya Bundesliqasında, Aleksander İsak İsveçin yüksək divizionu olan Allsvenskanda çıxış etsəydi, nə Belçika, nə Avstriya, nə də İsveç millisi belə təhlükəli komanda sayıla bilməzdi.
İstənilən halda, biz Avropanın nəhəng tarixi olan futbol ölkələrindən danışırıq. Hər üçü dünya və Avropa çempionatlarında mükafatçı olub. Amma bu o demək deyil ki, onların oyunçularının “yetişdirilmə mexanizmi” ilə tanış ola bilmərik. Qısaca da olsa, bu oyunçuların əsasən hansı klublarda və hansı şəraitdə üzə çıxdığına diqqət ayrıacağıq.
Belçika millisinin əsas fiqurlarından biri ötən mövsüm “Real”ın ÇL-i qazanmasında böyük pay sahibi və Lev Yaşin mükafatının son qalibi olan Tibo Kurtuadır. Bu qapıçı “Genk”in yetirməsidir. 2011-ci ildə “Çelsi”nin skautlarının diqqətini cəlb edən Tibo transfer olunaraq icarədə oynamaq üçün “Atletiko”ya yola salınıb. Vaxtilə “Liverpul”un şərəfini qoruyan Simon Minyole də “Sent Trüden” yetirməsidir.
Müdafiə xəttinə nəzər salsaq, onların əksəriyyətinin peşəkar karyerasına məhz yerli çempionatda başladığını görərik. Amma istisnalar da var. Məsələn, müdafiəçilər Tobi Alderveyreldlə Yan Vertongen “Ayaks” akademiyasının məzunu olduqdan sonra bu klubda ilk peşəkar oyununu keçiriblər. Hazırda “Brügge”də oynayan Dedrik Boyata ilə BƏƏ-nin “Şabab Əl-Əhli” klubunda oynayan Ceyson Denayer “Mançester Siti” yetirmələridir.
Yarımmüdafiə xəttində də oxşar vəziyyətdir. Kevin de Brüyne, Yuri Tilemans, Yannik Karrasko kimi futbolçular yerli akademiyalardan çıxsalar da, Amadu Onana “Hoffenhaym” fabrikinin məhsuludur. Amma Hans Vanakenin ilk akademiyası PSV olsa da, o sonradan Belçikaya qayıdıb.
Hücuma gəlincə, Eden Hazardın “Lill”dən çıxdığını görərik. Onun qardaşı Torqan isə “Lans”da futbolun sirlərinə yiyələnib. Digərləri vətəninin çörəyini yeyib. Bu oyunçuların hamısı da vətənində doğulub.
Avstriya millisində çıxış edən futbolçuların böyük əksəriyyəti Almaniya Bundesliqasında çıxış edər. Bəzən isə almanlar avstriyalıları elə beşikdəcə oğurlayıb öz ölkələrinin akademiyalarında yetişdirir. Məsələn, hazırda LASK-da oynayan qapıçı Aleksandr Şlyager “Leypsiq” yetirməsidir. Müdafiənin lideri David Alaba hazırda “Real”da oynasa da, onu “Bayern”dən daha yaxşı xatırlayırıq. Alabanı elə Münhen akademiyası yetişdirib. Onun kimi Marko Fridl da “Bayern”də püxtələşib. Hazırda “Bolonya”da oynayan Stefan Poş isə “Hoffenhaym” yetirməsidir. “Lans”ın üzvü Kevin Danso “Auqsburq”dan çıxıb.
Amma bütün avstriyalılar Almaniya klublarının akademiyalarının məzunu da deyil. Hazırda “Frayburq”un müdafiəçisi olan Filip Lenart “Real”da futbolun sirlərinə yiyələnib.
Yarımmüdfiəçilərdən Kristof Baumqartner “Hoffenhaym” yetirməsidir və indi elə orada da oynayır. 22 yaşlı Məhəmməd Çam “Hannover” və “Volfsburq”da tədris keçibsə, Avstriya millisinin vuran ayağı Marko Arnautoviç vətənində 4 akademiyada hazırlıq keçdikdən sonra Niderlanda yollanaraq “Tvente”nin məktəbinə qoşulub. O, peşəkar karyerasına da bu klubda başlayıb.
Avstriya millisində İngiltərədə yetişən bir futbolçu var. Bəli, söhbət indi “Bristol Siti”də oynayan “Aston Villa” yetirməsi Andres Veymanndan gedir. Göründüyü kimi, böyük futbol ölkələri avstriyalı gənclərin üstünə tez düşür.
İsveç millisinin qapıçıları yerli məktəbin yetirmələridir. Müdafiəçilərinə gəlincə, “Mançester Yunayted”dən tanıdığımız kapitan Viktor Lindelöf “Benfika” məzunudur. Hücumameyilli yarımmüdafiəçisi Entoni Elanqa da “qırmızı şeytanlar”ın yetirməsidir. Digər bir yarımmüdafiəçi Kristoffer Olsson isə “Arsenal”dan çıxıb. Hazırda “Tottenhem”də icarə əsasında oynayan “Yuventus”un cinah hücumçusu Deyan Kuluşevski isə futbolda ilk addımlarını “Atalanta” məktəbində atıb.
Vəssalam. İsveç millisinin digər üzvləri yerli akademiyaların yetirməsidir. Məlum məsələdir ki, bizə oxşaya bilməzdilər. Bizə oxşasaydılar, bu səviyyədə olmazdılar…
ABBAS