“Qəbələ” İK Avropanın innovativ şirkətlərindən olan, idman sənayesi üçün texnoloji həllər və yeniliklər təklif edən “Blocksport” ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.
Futbolinfo.az xəbər verir ki, 3 ili əhatə edəcək müqaviləyə əsasən İsveçrə şirkəti “Qəbələ” azarkeşləri üçün fan tətbiqin hazırlanmasını, klubun fan tokenlərini, eləcə də unikal NFT kolleksiyalarının buraxılmasını həyata keçirəcək.
Bu, Qafqaz regionunda tətbiq olunan ilk blokçeyn tərəfdaşlığıdır. Sözügedən addım azarkeşlərin klubla əlaqələrinə və fəaliyyətlərinə yeni təcrübə gətirəcək. Rəqəmsal ekosistem azarkeşlərə klub ilə tətbiq üzərindən əlaqələr qurmağa – xüsusi sorğular və səsvermələr keçirməyə, unikal məzmun yaratmağa, proqnozlar verməyə, fan çatlarda söhbətlər aparmağa – imkanlar yaradacaq. Tətbiq yaxın müddətdə azarkeşlərin istifadəsinə veriləcək.
“Blocksport” idman sənayesi üçün həllər təqdim edən yenilikçi texnologiyaların təminatçısıdır. Bu gün şirkət dünyanın fərqli bölgələrində müxtəlif idman növləri üzrə fəaliyyət göstərən 40-dan çox klub ilə əməkdaşlıq edir.