“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin son oyununda həyati əhəmiyyətli oyuna çıxacaq. Tarixi bir oyun demirik, çünki Ağdam klubu dəfələrlə son turda tarixə düşə biləcək görüşlər keçirib. Təkcə 2014/15 mövsümündə “İnter”lə Bakıda 0:0 hesabı ilə başa çatan oyunu xatırlamaq kifayətdir. Həmin görüşdə də “Qarabağ”ın son dəqiqələrdə sayılmayan qolu…

Hərçənd, Qurban Qurbanovun komandası bu gün “Frayburq”u məğlub etsə, bu həyati əhəmiyyətli oyun tarixi əhəmiyyət kəsb edəcək. Çünki təmsilçimiz tarixində ilk dəfə Avropa Liqasında qrup mərhələsi səddini adlaya biləcək. Əslində, “köhlən atlar” ötən mövsüm Konfrans Liqasında bunu bacararaq ilkə imza ata bilmişdi. Hətta bu, Konfrans Liqasında ilk cəhddə reallaşmışdı. Amma “Qarabağ” bugünə qədər 6 dəfə Avropa Liqasında Azərbaycan futbol ictimaiyyətinə sevinc yaşatmaq istəsə də, istəyinə nail ola bilməmişdi.

Belə baxanda, “Qarabağ” hər dəfə növbəti mərhələyə vəsiqə qazanmaq şansını da əldə edə bilmirdi. Bugünə qədər təmsilçimiz 6 dəfə bu turnirdə oynayıbsa, yalnız 2 dəfə şansını son tura saxlayıb. Bunlardan biri yuxardıa qeyd etdiyimiz kimi, 2014/15 mövsümündə “İnter”, “Dnepr” və “Sent-Etyenn”lə eyni qrupda qərarlaşdığımız vaxt idi. İkincisi də ki, 2016/17 mövsümü. Yəqin ki, xatırladınız. “Fiorentina”, PAOK və “Slovan Liberets”in əhatəsində olan “Qarabağ” sona bir tur qalmış florensiyalıların iddiasızlığının qurbanına çevrildi. Belə ki, ilk 4 turda qazandığı qələbələrin hesabına pley-offa vəsiqəni təmin edən “Fiorentina” 5-ci oyununda evdə PAOK-a heç bir müqavimət göstərmədi və 2:3 hesabıyla məğlub oldu. Halbuki, “Qarabağ” bu PAOK-u hər iki oyunda, özü də quru hesabla məğlub etmişdi.

Təbii ki, həmin qrupda “Slovan”a 4 xal bağışlayan Ağdam klubu ilk növbədə özünü günahlandırmalı idi. Amma yenə də son tura şans var idi. Di gəl ki, evdə PAOK-la oyunu yola verən “Fiorentina”nın “qeyrət damarı tutdu” və Bakıda “Qarabağ”ı udub getdilər. “Qarabağ”la oyunlarda “son damla qanına qədər” döyüşən “Slovan” da Saloniki də PAOK-a heç bir müqavimət göstərə bilmədi və 0:2 hesabıyla məğıub olaraq təmsilçimizi pis vəziyyətdə qoydu.

Bu dəfə isə “Qarabağ”ın taleyi öz əlindədir. Qurban Qurbanovun komandası doğma azarkeşləri önündə “Frayburq”u məğlub etsə, Yunanıstanda keçiriləcək “Olimpiakos” – “Nant” oyununun nəticəsi əhəmiyyətini itirəcək. Amma qrup liderliyini təmin edərək Bakıda formal oyuna çıxacaq “Frayburq”la görüşdə xal itkisi nəticəsində gözlərimizi Pireydəki oyuna yönəldəcəyik. Orada “Olimpiakos” “Nant”ı büdrədə bilsə, Bakıda “Frayburq”a məğlubiyyət də faciəyə çevrilməyəcək. Çünki Pireydə 1 xal qazanacaq “Nant” “Qarabağ”la eyni xala malik olacaq ki, onda da təmsilçimiz şəxsi görüşlərin nəticəsinə görə Avropa Liqasının 1/16 finalına vəsiqə qazanacaq.

Bu, hamının bildiyi məqamlardır. Yaxşısı budur, bilmədiyimiz, məqamlardan danışaq. Bilmədiymiz məqam isə “Frayburq”un Bakıda hansı heyətlə meydana çıxacağı məsələsidir. Dünən keçirilən mətbuat konfransında Almaniya klubunun baş məşqçisi Kristian Ştrayx hansı heyəti meydana çıxaracağını dilə gətirməyəcəyini bildirdi. İndiki məqamda isə bu, ən aktual məsələ olaraq qalır. Çünki “Frayburq” şanslarını davam etdirsəydi və yaxud qrup qalibi olmaq üçün yarışsaydı, almaniyalı mütəxəssis demək olar ki, əsas heyətin oyunçularına şans verəcəkdi.

İlk oyundan qabaq da “Frayburq”a aid həsr etdiyimiz yazıda Ştrayxın əlinin altında iki eyni səviyyəli komanda olmadığını bildirmişdik. Ona görə də bu məşqçi hər turnirdə demək olar ki, eyni heyətə şans verir. Bu dəfə isə “Frayburq” cari mövsüm ən əhəmiyyəsiz oyununa çıxır. Bəli, komanda Bundesliqa, Almaniya Kuboku və Avropa Liqasında bu mövsüm keçirdiyi hər oyunda hanısa məqsəd üçün döyüşürdüsə, bu dəfə udsa da, uduzsa da, mövqeyini itirməyəcək. Klub yalnız büdcəsini UEFA tərəfindən əlavə ödənişlə artıra bilər ki, bu da artıq başqa məsələdir.

Hər halda, Ştrayx da aparıcı oyunçularını UEFA-dan gələn pula görə “qumara qoymaz”. Ona görə Ştrayxın Bakıda hansı heyətlə oynayacağını müəyyənləşdirmək mümkün deyil. Tam ikinci heyətin meydana çıxacağını da əminliklə söyləmək çətindir. Ola bilər ki, əsas heyətin bəzi üzvləri ilə şans qazana bilməyənlər arasında nəsə bir “hibrid” formalaşsın. Amma ehtimal etmək olar ki, bu mövsüm  şans qazana bilməyən “Frayburq”un cinah hücumçusu Roland Şallai əsas heyətdə yer alacaq. Belə ki, oyundan əvvəl mətbuata açıqlama verən macarıstanlı futbolçu artıq məşqçi ilə danışdığını və meydana çıxmağa hazır olduğunu söyləyib.

Rəqibin hansı heyətlə meydana çıxacağını müəyyənləşdirmək mümkün olmadığından Qurban Qurbanov da müəyyən problemlərlərlə üzləşəcək. Bu oyunda uğur qazanmaq üçün daha çox komandanı psixoloji cəhətdən yaxşı hazırlamaq lazımdır. İndiyə qədər Almaniya komandalarına qarşı keçirdiyi bütün oyunlarda məğlub olan “Qarabağ” birinci bu məqamı ağlının ucundan çıxartmalıdır.

Əslində, “Frayburq” səfərində ilk 15-20 dəqiqəni istisna etsək, təmsilçimiz bir Almaniya komandasına qarşı necə oynamaq lazım olduğunu göstərdi. Yəni, “Braysqau braziliyalıları” hər nə qədər cari mövsüm Bundesliqa və Avropa Liqasında inamlı təsir bağışlasa da, vaxtilə “Qarabağ”ın uduzduğu Dortmund “Borussiya”sı və “Ayntraxt” qədər təhlükəli deyil. Ən azı o komandaların zəngin avrokubok təcrübəsi və nüfuzu var idi. “Frayburq” isə bu yöndə indi-indi addım atır. Həm də ki, “Qarabağ”da artıq əvvəlki illərdəkli kimi təcrübəsiz deyil. Bu komandanın əsas özəlliyi fiziki cəhətdən möhkəm olmasıdır. Komandamızın rəqibə qarşı boğucu pressinq tətbiq etməsini heç vaxt görməmişik. Ancaq indi tam fərqli komandanı izləyirik.

Yaxşı, bəs Qurbanov “Frayburq” qarşısına hansı heyətlə meydana çıxmalıdır? Hər nə qədər səhvləri olsa da, Şahrudin Məhəmmədəliyevin yenə qapını qoruyacağı şübhəsizdir. Mərkəz müdafiəçiləri ilə bağlı məsələdə böyük ehtimalla Qurbanov Bəhlulun yanına Medinanı təhkim edəcək. Kevin “Nant”la oyunda ümidləri doğrultmasa da, Bədavinin zədəsi başqa çıxış yolu qoymur.

Müdafiənin cinahları isə böyük ehtimalla Marko Veşoviçlə Toral Bayramova həvalə ediləcək. Veşoviç dəqiqdir, Bayramov da son oyunlarda Cəfərquliyevi heyətdən sıxışdırıb. Amma “Frayburq”la səfər matçında da Toralın qapımıza penalti gətirdiyini və ikinci qolun müəllifi Ritsu Doanın qarşısını ala bilmədiyini unutmayaq. Səhvini düzəltmək üçün əla imkanı var. Amma Ştrayx da az aşın duzu deyildi. “Qarabağ”ın bu cinahının zəif olmasını yaxşı bilirdi və oradan istifadə etdi. Yenə də yararlana bilərlər.

Adətən, belə vəziyyətdə Qara Qarayev cinah müdafiəçilərinin köməyinə gəlir. Bu dəfə onun da meydana çıxacağı sual altındadır. Filip Ozobiçin oynamayacağı isə dəqiqdir. Son vaxtlar Quranov Filipi əsas heyətdə döyüşə atmırdı. Amma “Nant”la görüşdə ona imkan yaratdı və xorvatiyalı penalti qazanıb özü də ondan yararlandı. Əslində, Qurban bəyin “Şamaxı” ilə oyunda onu meydana salması çox qəribə görünürdü. Adətən məşqçi belə oyunlarda döyüşə atdığı futbolçuları avrokuboklarda start heyətinə salmır. Belə çıxır, Ozobiç “Frayburq”la oynamayacaqdı. O, zədələndi və bu dəfə oynamayacağı dəqiqləşdi.

Bəs, Qara da olmasa kimə ümid bəsləyəcəyik? Belə vəziyyətdə Riçard Almeydayla Marko Yankoviçin meydana çıxacağını gözləmək olar. Böyük ehtimalla, onların qarşısında Kadi Borges qərarlaşacaq. Belədə Şeydayev sağa, Zubir isə sola çəkiləcək. İrəlidə isə Kvabena forma geyəcək. Amma Qara meydana çıxsa, Kadi ənənəvi yerinə qayıdıb Şeydayev oyuna sonradan çıxa bilər.

Amma “Qarabağ” hansı heyətlə meydana çıxmasından asılı olmayaraq, meydanın mərkəzini rəqibə verməməli, cərimə meydançası həndəvərində qayda pozmamalı və künc zərbələrində ehtiyatlı olmalılıdır. Ümumiyyətlə, “Frayburq”un künc zərbələrinin sayını nə qədər çox azaltsaq, bir o qədər qulağımız dinc olacaq. Rəqibin cinah hücumlarını da minimuma endirmək lazımdır. “Frayburq”un “qanadları qırılsa” meydanda “uça bilməyəcək”. Hücum planında isə dadımıza ancaq pressinq çata bilər. Hə, bir də mümkün qədər müdafiənin arxasına top atmağı bacarmalıyıq. “Frayburq” belə hallarda həmişə çətin vəziyyətə düşür. Bir də ki, qapıda Flekken qərarlaşsa, yenə də uzaqdan zərbələrdən yararlanmalıyıq. Amma çətin ki, bu oyunda Mark şans qazana. Əsas odur ki, “Qarabağ” şans qazansın. Bu imkanı əldən qaçırtmaq olmaz…

AĞA

Shares: