“Kəpəz”in yarımmüdafiəçisi Fərid Nəbiyevin futbolinfo.az saytına müsahibəsi
– “Kəpəz” son oyunda böyük hesabla qalib gəldi. Bu darmadağını gözləyirdiniz?
– “Səbail” ilə oyuna çox ciddi hazırlaşmışdıq. Demək olar ki, bütün oyun boyu üstünlük bizdə oldu və oyuna nəzarət etdik. Çoxlu qol epizodları yaratdıq. Nəticə də göz önündədir.
– Komandanız doğma Gəncəyə qayıtdıqdan sonra daha yaxşı çıxış edir. Bunu özünüz də hiss edirsiz?
– Əlbəttə ki, doğma azarkeşlər qarşısında oynamaq yaxşıdır. Bu, bizə motivasiya verir. Ümid edirəm ki, bundan da yaxşı olacaq.
– Uzun müddət xaricdə oynamısan. Azərbaycanda çıxış etmək sənin üçün çətin deyil?
– Xeyr, heç bir çətinlik yoxdur. Demək olar ki, buradakı bir çox futbolçularla birlikdə çıxış etmişəm. Xaricə getməzdən öncə onlarla bir komandalarda oynamışıq. Buna görə də çətinlik çəkmirəm.
– Xarici klublardan yenidən təkliflər var?
– Hələ ki, bütün fikrimi “Kəpəz”ə yönəltmişəm.
– Ümumiyyətlə, karyerana burada davam etmək istəyirsən, yoxsa daha yaxşı təkliflər gözləyirsən?
– Əlbəttə, hər bir oyunçu kimi mən də xaricdə oynamaq istəyərəm. Amma bunu zaman göstərəcək.
– Azərbaycan çempionatındakı mübarizə kifayət qədər yaxşıdır?
– Oyunlar gərgin keçir. Düşünürəm ki, bu da kifayət qədər yaxşıdır. Mübarizə, gərginlik maraq yaradır.
– “Kəpəz”in konkret hədəfi nədir? Ümumiyyətlə, komanda daha yaxşı yerlərə gələ biləcək?
– Biz də istəyirik ki, daha yuxarı pillələrdə qərarlaşaq. Bunun üçün mübarizə aparmalıyıq. Fikrimcə, 5-ci yer uğrunda yarışa bilərik.
– Növbəti turda “Qarabağ”la oyun var. 1 xal “Kəpəz” üçün böyük nəticə olar?
– “Qarabağ”a qarşı oynamaq özü bir motivasiyadır. Bizim üçün bu oyunda qazanılacaq xal çox önəmli olacaq. Ümid edirəm ki, xalla qayıdacağıq.
ABBAS