“Kəpəz”də çıxış edən Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev “Şamaxı”ya keçəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib. Gəncə klubunda oynamaq şansı olmayan, baş məşqçi Tərlan Əhmədov tərəfində əvəzedici heyətə göndərilən forvard yazılanları nə təsdiq, nə də təkzib edib.
Futbolinfo.az-a açıqlama verən təcrübəli forvard bu barədə xəbərləri mətbuatdan oxuduğunu deyib: “Açığı, mən də bu xəbərləri oxuyuram. Amma təklif yoxdur”.
Əliyev Gəncə klubunun əvəzedicilərində vəziyyətin normal olduğunu da sözlərinə əlavə edib: “Burada məşq edirəm, oynayıram. Hər şey qaydasındadır. Nə “Şamaxı”dan, nə də başqa klubdan təklif almışam”.