“Səbail” transfer planlarını dəyişib. Mahmud Qurbanovun vaxtında danışıqlar aparılan 3 oyunçunun adı siyahıdan silinib.
Futbolinfo.az xəbər verir ki, “Neftçi”dən ayrılan Mamadu Mbodju heyətə cəlb etmək istəyən sabiq baş məşqçi, paytaxt klubundan Mert Çeliki də icarə əsasında sərəncamında görmək istəyirdi. Eyni zamanda mozambikli Klesio Baukun da keçidi həll olunmaq üzrəydi.
Lakin Mahmud Qurbanovun istefaya göndərilməsi ilə danışıqlar dayandırıldı. Yeni baş məşqçi Şahin Diniyev təyinatı təsdiqlənən kimi planları dəyişib. O, öz iş metodlarına və oyun üslubuna uyğun futbolçular axtarışındadır. Bu səbəbdən klubun təmasa keçdiyi bütün futbolçuların adı siyahıdan çıxarılıb, ora yeniləri əlavə olunub.
Diniyev “Şamaxı ya icarəyə verilən Adil Nağıyevi geri qaytarmaqla müdafiənin mərkəzi ilə bağlı problemi yoluna qoyub. Bu, eyni zamanda Premyer Liqada qalmaq uğrunda mübarizədə əsas rəqiblərdən birinin zəiflədilməsi deməkdir. Çünki Nağıyev bölgə təmsilçisinin liderinə çevrilmişdi. Daha bir yerli, iki əcnəbi futbolçu axtaran Şahin bəy Türkiyə toplanışında heyəti tam komplektləşdirməyə çalışacaq.