“Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlovun futbolinfo.az saytına müsahibəsi

– Mövsümün ilk yarısını necə dəyərləndirmək olar?

– “Sumqayıt”ın yaxşı çıxış etmədiyini hamı gördü. Bu, bizi də narahat edir. Müxtəlif səbəblər göstərmək olar. Komanda ilk dəfədir əcnəbilərlə çıxış edir. Buna uyğunlaşma prosesi çətindir. Həm adaptasiya dönəminin çətin keçməsi, həm də məşqçi dəyişikliyi müəyyən rol oynadı. Hər şey üst-üstə gəldi, çətinlik yaratdı. Yenə də vəziyyəti düzəltməyə çalışacağıq. Qış təlim-məşq toplanışında yaxşı hazırlaşırıq. Çünki düşdüyümüz vəziyyətdən çıxmalıyıq. Mövsümün ikinci yarısında yaxşı nəticələr qazanaraq, turnir cədvəlində bir az yuxarı sıralara qalxmaq olar.

– Əvvəlki mövsümlərdə göstərilən nəticələri təkrarlamaq üçün nə çatmır?

– Əvvəlki komanda ilə indikini müqayisə etmək çətindir. Düzdür, əvvəlki “Sumqayıt” yaxşı nəticələr göstərirdi. Fakt odur ki, cari mövsümün ilk yarısında bu, bizdə alınmadı. Ancaq səbəbini də vurğuladım. Əcnəbilərlə oynamaq klub olaraq “Sumqayıt” üçün yeni dövrdür. Bu, o demək deyil ki, sırf əcnəbilər gəldiyi üçün pis oynayırıq. Sadəcə, klub bu prosesə öyrəşməlidir. İlk təcrübə olduğu üçün uyğunlaşma dönəmi geridə qalmalıdır. Birinci dövrə bizim üçün qarışıq keçdi, nəticə də yaxşı deyildi. Buna baxmayaraq, hər şeyin düzələcəyinə inanırıq. Vəziyyəti xeyrimizə dəyişməyə çalışacağıq.

– Sabiq baş məşqçi Aleksey Baqanın bu uğursuzluqda nə kimi rolu oldu?

– Baqanın pis məşqçi olduğunu deyə bilmərəm. Onun əvvəlki komandalarında yaxşı nəticələri olub. Bizə yaxşı futbol sərgiləməyimizdə kömək olacağına inanırdıq, amma alınmadı. Baqa yaxşı məşqçidir, klub üçün də əlindən gələni edirdi. Onun bu çalışqanlığını biz də görürdük. Niyə alınmadı? Çətin sualdır. Bəlkə mentalitet uyğun gəlmədi və ya başqa səbəblər var idi. Bircə onu deyə bilərəm ki, Baqa burada yaxşı nəticə qazanmaq istədi, bunun üçün çox çalışdı. Təkcə Baqada yox, təəssüf ki, klub olaraq “Sumqayıt”da alınmadı. Ona gələcək karyerasında uğurlar arzulayıram.

– Samir Abasov qış fasiləsində ilk iş olaraq əcnəbi futbolçularla yolları ayırdı. Həmin oyunçular çempionatımızda oynayacaq səviyyədə deyildilər?

– Samir müəllimin gəlişi bizə müsbət təsir elədi. Komandanın vəziyyətini düzəltməyə çalışır. Bunun çətin olduğunu başa düşürük. Çünki bu heyəti o yığmayıb. Getdikcə oyunumuz da düzəlir. Fikirləşirəm ki, baş məşqçiyə vaxt lazımdır. Kollektivi tərk edən futbolçular oldu. Bu da başadüşüləndir. Çünki Samir müəllim gələcək üçün öz üslubuna uyğun komanda toplamaq istəyir. Bizim işimiz onun tapşırıqlarına əməl etmək və oynamaqdır.

– Premyer Liqanın ilk yarısında 18 oyunun 17-də meydanda olmusunuz. Öz performansınızdan razısınız?

– Öz performansımı yüksək dəyərləndirməyim doğru çıxmaz. Əlbəttə ki, yaxşı deyil. Çünki komanda 30 qol buraxıb ki, bu da müdafiəçi üçün uğurlu göstərici deyil. Zədədən sonra yeni forma yığmağa başlayırdım. Şükürlər olsun ki, artıq tam düzəlmişəm. Çalışacağam ki, komanda şəklində etibarlı müdafiə olunmaqda köməkçi olum və şəxsi oyunumu yaxşılaşdırım. Arzum ikinci yarıda az qol buraxmaq, çox qələbə qazanmaq və “Sumqayıt”ı yüksək pillələrə qaldrmaqdır.

– Bir ara “Sumqayıt”ın 7-8 futbolçusu birdən Azərbaycan millisinə çağırılırdısa, sonradan heç kimə dəvət gəlmədi. Bu, komanda şəklində uğursuz çıxışın nəticəsi idi?

– Düzdür, əvvəllər “Sumqayıt”dan yığmaya çox futbolçu çağırılırdı. Çünki komanda olaraq uğurlu nəticələr əldə olunurdu. Belədə millinin baş məşqçisinin də diqqətini çəkir və o, oyunçuları izləməyə başlayır. Turnir cədvəlindəki mövqeyimizdən asılı olmayaraq, baş məşqçinin yenə bizi izlədiyinə inanıram. Ancaq bu, futbolun qanunudur. Hansı komanda yaxşı çıxış edirsə, oradan yığmaya daha çox oyunçu çağırılır. Şəxsi performansım yüksək olduğu üçün mən də dəvət alırdım. Həm mən, həm də komanda yoldaşlarım buna layiq idik. Təəssüf ki, hazırda “Sumqayıt” yaxşı nəticə göstərmir. Şəxsi performans aşağı düşüb, uşaqlarda inam bir az azalıb. Klubu yüksək pillələrə daşısaq, yenidən milliyə dəvət alacağımıza əminəm.

– Premyer Liqada sonuncu yeri tutan elitanı tərk edəcək. Hazırda axırıncı pillədəki komandadan cəmi 2 xal öndə olduğunuzu nəzərə alsaq, bu təhlükə sizi qorxutmur?

– “Sumqayıt”ın sonuncu yeri tutaraq, Premyer Liqanı tərk edəcəyini heç ağlımızdan keçirmirik. Əksinə, turnir cədvəlində yuxarılara baxırıq. Qış təlim-məşq toplanışında maksimum dərəcədə yaxşı forma yığmaq istəyirik. İkinci yarını elə keçirməliyik ki, mövsümün yekununda axırıncı yerlərdə qərarlaşan komandalar sırasında olmayaq. Mümkün qədər irəliləmək istəyirik. Buna da nail olacağımıza inanıram.

FƏRİD

Shares: