“Neftçi”nin müdafiəçisi Mert Çelikin futbolinfo.az saytına müsahibəsi

– Antalyadakı təlim-məşq toplanışı necə gedir?

– Hazırlıqlarımız yüksək templə davam edir. Yorucu və əyləncəli bir hazırlıq proqramımız var. Çempionatın ikinci yarısına çox yaxşı hazırlaşırıq.

– Çempionatın ilk yarısında çox oynamadın…

– Bu ilin əvvəlində “Neftçi” ilə hazırlıq keçmədim. Bilirsiniz, “Başakşəhər”də idim və bura çox gec gəldim. Gəldikdən sonra da zədə aldım, bir müalicə dönəmi keçdim. Həm də oynaya bilmirdim. İndi isə qış təlim-məşq toplanışına qatılmışam. Burada yaxşı hazılıq keçib çempionatın ikinci dövrəsində oynamaq istəyirəm.

– İlk yarı başa çatdıqdan sonra sənə bir çox təkliflər olduğu deyilirdi. Həqiqətən təkliflər aldın?

– Bəli, təkliflər almışdım. Amma komandaların adlarını çəkmək istəmirəm.

– Daha çox şans qazanmaq üçün başqa klublara gedə bilərdin…

– Gənc futboçuyam və daha çox oynamaq lazım olduğunu bilirəm. Bunun üçün də məşqlərdə çox yüksək səviyyədə hazırlaşıram.

– “Neftçi” çempionatın ilk yarısında heç də yaxşı çıxış etmədi. Durumu dəyişdirmək üçün nə lazımdır?

– Bu durumu dəyişdirmək üçün çalışırıq. Əlimizdən gələni edirik ki, komandamızın adına layiq nəticələr qazanaq. Qış toplanışında etdiyimiz səhvlərin üzərində işləyib son 2 dövrədə daha yaxşı vəziyyət yaratmağa çalışacağıq.

– “Neftçi” çempionluq şanslarını itirib?

– Liqa bitmədən nəsə demək çətindir. Biz də hələ ki, çempionluqdan əlimizi çəkməmişik. Son oyuna qədər döyüşüb çempionluq yarışında olmağa çalışacağıq.

CAVAD

Shares: