Transfer bazarında susqunçuğu ilə diqqət çəkən “Neftçi”də işlər qaydasına düşür. Bakılılar tezliklə bir neçə yeni oyunçu ilə bağlı rəsmi açıqlama verəcək.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubu sıradan futbolçularla heyəti doldurmaq istəmir. Yüksək səviyyəli oyunçular olmadığından qışda azad agent kimi ortada qalan və ya zədə səbəbindən uzun müddət oynamayan futbolçulardan kənar qaçan “Neftçi”, keyfiyyətə daha çox üstünlük verir. 6-7 belə futbolçu ilə razılaşan klub rəhbərliyi onlar arasından seçim etməyə çalışır.
Hazırda bu futbolçuların transferi ilə bağlı əsas problem klubları ilə danışıqların uzanmasıdır. Futbolçular baş məşqçi tərəfindən bəyənilib, oyunçuların özü lə şəxsi danışıqlar yekunlaşıb, yalnız klubların özü ilə transfer qiymətində ortaq məxrəcə gəlmək lazımdır. Bəzi klublarla danışıqlar alınmasa da, bir neçə futbolçunun keçidinin tezliklə həll olunması realdır.
Belə oyunçulardan biri Dmitri Topalovdur. “Şaxtyor”da əsas heyətə düşə bilməyən ukraynalının keçidinin müsbət yekunlaşması raldır. Lakin donetsklilər ilyarım müqaviləsi qalan futbolçunu satmaq yox, icarəyə vermək istəyir. “Neftçi” bunun da əleyhinə deyil, amma “Şaxtyor” icarə üçün də həddindən artıq yüksək məbləğ istəyir. Futbolçuya eyni zamanda “Sabah”ın müştəri düşməsi ukraynalıların güzəştə getməməsinə səbəb olub.
Topalovun keçidinin alınacağı dəqiq deyil, amma dəqiq olan “Neftçi”nin tezliklə bir neçə transferi rəsmən elan edəcəyidi. Danışıqlar son mərhələdədir. Hətta vəziyyət elə alınıb ki, işlər qaydasında getsə, bakılılar Qodsvey Donyonu sata bilər. İsraildən bu futbolçuya maraq var, amma “Neftçi” həm təklifin yüksəlməsini, həm də daha yaxşı alternativlərin gətirilməsini gözləyir.