“Roma”dan ayrılmağa qərar verən Nikolo Zaniolo İtaliyada qalacaq. O, başqa bir A Seriyası təmsilçisində oynamağa qərar verib.
Futbolinfo.az xəbər verir ki, paytaxt klubundakı durumundan məmnun olmayan yarımmüdafiəçi “Milan”la şəxsi müqaviləsinin detallarında anlaşıb. Hazırda klublar transferin yekunlaşması üçün bazarlıq edir.
“Rossonyerlər” Nikolonu birdəfəlik transfer etmək şərti ilə mövsümün sonuna kimi icarəyə götürmək niyyətindədir. Milanlılar 22-25 milyon avro təklif edir, “Roma” isə 35-40 milyon avrodan aşağı düşmür. Bununla belə, italiyalı həmkarlarımız klubların ortaq məxrəcə gələcəyinə əmindir.
“Tottenhem”in də müştəri düşdüyü Zaniolonun “Roma” ilə 2024-cü ilin yayınadək müqaviləsi var. 23 yaşlı yarımmüdafiəçi yeni anlaşmadan boyun qaçırır və klub rəhbərliyinə elə bu ay getməsinə icazə verilməsini istəyib. Paytaxt təmsilçisi yaxşı təklif müqabilində onunla vidalaşmağın əleyhinə deyil.
Zaniolonun satışı reallaşan kimi “Roma” “Çelsi”dən Hakim Ziyeşi almağa çalışacaq. Mərakeşli oyunçunun məhz “Milan”a gələcəyi gözlənilirdi. Amma arzular dəyişib və fərqli ssenarini izləməkdəyik.