Marko Asensio “Real”la mövcud müqaviləsinin müddətini uzatmaqla bağlı danışıqları bərpa edib. Yayda madridlilərlə anlaşması bitəcək oyunçu klubda qalmaq niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, cinah hücumçusu klubla anlaşa bilməmiş və yeni klub axtarışına çıxmışdı. Hətta onun “Barselona”ya gedə biləcəyi barədə xəbərlər dolaşırdı. Lakin yekunda klub Markonu sıralarında saxlamaq, əzəli rəqibin düşərgəsinə buraxmamaq üçün daha bir cəhd edib.
Təklif olunan yeni müqavilənin şərtləri Asensionun ürəyincə deyil. O, təklif olunan maaşdan məmnun qalmayıb. Bu üzdən klubla müzakirələr hələ də yekunlaşmayıb. Amma prinsipial razılıq əldə olunub – Marko 2015-ci ildən oynadığı klubla müqavilənin müddətini 2027-ci ilin yayınadək uzatmaq niyyətindədir. Futbolçu rəhbərliyin maaş artımına gedəcəyinə ümid edərək imza atmağı yubadır.