“Səbail”in müdafiəçisi Cabir Əmirlinin futbolinfo.az saytına müsahibəsi
– İlk olaraq “Kəpəz” üzərində 1:0 hesablı qələbə qazandığınız XX tur oyunu barədə fikirlərinizi bildirərdiniz.
– “Kəpəz”lə matçda qalibiyyət bizə çox lazım idi. Turnir cədvəlinin son pilləsində qərarlaşmaq istəmirik. Buna görə də qələbə qazanmağımız vacib idi. Qarşıda bizi “Sabah”la çətin sınaq gözləyir. Komanda olaraq məqsədimiz bu qarşılaşmadan da sərfəli nəticə ilə ayrılmaqdır.
– “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov daha üstün oyun sərgilədiklərini və bəxtlərinin gətirmədiyini deyib. Bu fikirlə razısınız?
– Bu oyunda hər iki tərəf meydana sırf qələbə üçün çıxmışdı. Bərabərlik nə bizim, nə də “Kəpəz” üçün qaneedici nəticə idi. Sürətli və maraqlı mübarizə alındı. Hər iki komandanın qol imkanı var idi. Amma düşünmürəm ki, biz qələbəyə daha az layiq idik. Əksinə, sona qədər mübarizə apardıq. Əzmkarlıq göstərərək qalib gəldik. “Kəpəz”ə də uğurlar arzulayıram.
– “Şamaxı”ya qarşı keçirilən ilin ilk oyunu ilə müqayisədə komandanızda nə kimi dəyişiklik hiss etdiniz?
– Hər bir məşqçinin öz oyun üslubu var. Futbolçu kimi bizim işimiz məşqçilərimizin verdiyi tapşırıqlara əməl etmək və meydanda ona uyğun oyun sərgiləməkdir. “Şamaxı” ilə görüşdə hesabda öndə idik. Ancaq təəssüf ki, səfərdən məğlub ayrıldıq. Bu oyunu unudaraq, “Kəpəz”lə ev matçına tam əzmkarlıqla hazırlaşdıq. Nəticədə qalib gəldik.
– “Kəpəz”lə oyun sizin üçün yubileylə əlamətdar oldu. Çempionatda 100-cü görüşə çıxdığınızı öncədən bilirdiniz?
– Açığı, bilmirdim. Bunun statistikasını tutmuram. Mənim işim meydandadır və əlimdən gələni edib komandama kömək etməyə çalışıram.
– 19 yaşınızdan Premyer Liqada debüt etmisiniz. 26 yaşlı futbolçu üçün 100 oyun az deyil?
– Məncə, sabit oynayıram. 6 ildir Premyer Liqada çıxış edirəm. Nəzərə alaq ki, hər mövsüm yalnız Azərbaycan çempionatı və bir neçə Azərbaycan Kuboku oyununa çıxıram. Bu rəqəm normaldır. Az olduğunu düşünümürəm. Yaşım azdır və karyeram davam edir. Bundan sonra daha yaxşı çıxış edərək, performansımı hər zaman yüksək səviyyədə saxlayacağam ki, daha çox matçda meydanda olum.
– Növbəti turdakı rəqibiniz məhz “Sabah”dır. Rəqib ölkə kubokundakı məğlubiyyətin revanşını almağa çalışacaq. Bu, sizi qorxutmur?
– Kubok və liqa oyunları həmişə fərqli olub. Bu, bugünkü gün üçün də keçərlidir. Hər görüşə olduğu kimi, “Sabah”la qarşılaşmaya da qələbə qazanmaq üçün çıxacağıq. Rəqibin nə düşündüyü bizi maraqlandırmamalıdır. Öz gücümüzü ortaya qoymalıyıq. Çox güclü rəqibə qarşı çətin oyuna çıxdığımızı unutmamalıyıq.
– Qarşıdakı 4 turda müvafiq olaraq “Sabah”, “Zirə”, “Neftçi” və “Qəbələ” ilə qarşılaşacaqsınız. Təqvimin belə olması komandanıza problem yaratmaz?
– Bəli, qrafikimiz ağır ola bilər. Ancaq çempionatımızda onsuz da 9 rəqibimiz var. Yəni istər-istəməz bu qrafiklə üz-üzə gələcəyik. Rəqibdən aslı olmayaraq, məqsədimiz qələbə olcaq. Ümid edirəm ki, bu qrafikdən sərfəli nəticələrlə ayrılmağı bacaracağıq.
FƏRİD