Rafael Leaonun “Milan”la yeni müqavilə bağlamamasının səbəbi bəlli olub. “Rossonyerlər”lə mövcud müqaviləsini yeniləməyən, aylardı prosesi uzadan portuqaliyalı ulduzu “yoldan çıxaran” var imiş.

Futbolinfo.az xəbər verir ki, İtaliya klubu ilyarımlıq müqaviləsi qalan cinah hücumçusunun maaşını artırmaq, paralel olaraq yeni, uzunmüddətli müqavilə bağlamaq istəyir. Rafael ilk vaxtlar buna razılıq versə də, indi fikrindən daşınıb. Sən demə, “Çelsi” oyunçunu satmaqdan boyun qaçıran “Milan”dan gizli olaraq Leaoya vəd verib.

Hazırda Rafael “Sportinq”ə borcludur. 2018-ci ilin avqustunda Lissabon klubu ilə müqaviləni birtərəfli pozan hücumçu bunun üçün 16,5 milyon avro ödəməlidir. Bunu öyrənən “Çelsi” həmin borcu qarşılayacağını vəd edərək futbolçunu “Milan”la yeni müqavilə bağlamamağa həvəsləndirib. Belədə italiyalılar yayda oyunçunu satmağa və ya ilyarım sonra azad agent kimi buraxmağa məcbur olacaq.

Xatırladaq ki, Leao “Sportinq”dən “Lill”ə yollanmış, bir il sonra “Milan”a satılmışdı.

Shares: