Nəhayət ki, formula həvəskarlarının çoxdan gözlədikləri çempionata start verildi. Mövsüm öncəsi testlər müəyyən mülahizələrin yaranmasına səbəb olsa da, əsl qüvvələr nisbətinin necə olduğunu bilmək mümkün deyildi. Ancaq etiraf etmək lazımdır ki, ekspertlər nə söyləmişdilərsə, o da oldu.

Futbolinfo.az olaraq 3 gün öncəki materialda biz də çempionatın favoritlərini qeyd etmişdik. Sevindiricidir ki, mülahizələrimiz özünü doğrultdu. Ötən ilin çempionu “Red Bull” yenə də favoritdir. Hətta bu il rəqiblərlə aralarındakı fərq daha böyükdür. İlk yarışdan sonra maraq doğuran sual Peresin Ferstappenlə mübarizə aparıb-aparmayacağıdır.

Bu mövsüm, fikrimcə, çempionatda əsas intriqa “Ferrari”, “Mercedes” və “Aston Martin” arasında gedəcək mübarizə olacaq. İlk yarışdan bunu görmək mümkün oldu. Bəhreyndə “Aston Martin” bir qədər irəli çıxdı. Bunun da səbəbkarı Fernando Alonso idi. İkiqat dünya çempionu çoxdan idi ki, güclü maşında olmamışdı və darıxdığı hiss olunurdu. Yarışın sonunda komandasına – “mən bu maşını idarə etməyi sevirəm” söyləməsi bunu bir qədər də sübuta yetirdi.

Ümumilikdə yarışa nəzər saldıqda aşağıdakıları söyləmək mümkündür. Təsnifatda qazanılan üstünlük yarışda “Red Bull”a yardım etdi. Ancaq təsnifatda səhv olsaydı və Ferstappenlə Peres arxadan start versəydilər, belə qələbə qazana biləcəkdilər. Avstriya komandası həqiqətən də çox sürətli görünür. Hətta onlar sürətlərini bir qədər gizlədirlər. Lazım olan anlarda biz onların real sürətini görəcəyik.

334854635 510872597907212 8932452614343859236 n - Futbolinfo.az

Yarış ərzində Maks heç bir çətinlik çəkmədi. Serxio Peres startda yerini əldən verdi, lakin çox çəkmədən Şarl Lekleri ötərək yenidən ikinciliyini bərpa etdi. “Red Bull”un strategiyası da digərlərindən fərqli idi. Onlar ilk 2 hissəni qırmızı, son hissəni isə ağ təkərlərlə keçdilər. Arxada olan rəqiblərdə isə strategiya qırmızı – ağ – qırmızı kimi idi. Hansı strategiyanın daha doğru olduğunu söyləmək asan deyil. Belə ki, “Red Bull” yarış ərzində hər hansı problemlə qarşılaşmadı. Lakin Peresin yerini geri qaytardığı hissədə soft təkərlərlə olması taktikanın da düz seçildiyindən xəbər verir.

Startın digər bir uğursuzu Fernando Alonso idi. İspan sürücü təcrübəli olmasına baxmayaraq, həyəcanını gizlədə bilmirdi. Məhz start dövrəsi yarışda onun üçün ən uğursuz alındı. Hamı ondan “Ferrari”lərə hücum gözlədiyi halda o , hər iki “Mercedes”i özündən əvvələ buraxmışdı. Lakin yarış davam etdikcə Fernando hamısının əvəzini çıxa bildi. Onun Lyuis Hamiltonla mübarizəsi isə yarışa estetika qatdı. Karlos Saynsla mübarizə də maraqlı idi. Lakin burada daha çox Karlosun qayda pozuntuları ilə müdafiə edildiyini söyləmək mümkündür. Şarl Leklerin yarışı dayandırması isə Alonsonun podium şansını artırdı və ispan pilot bundan maksimum yararlandı.

Yarış ərzində digər maraqlı məqamlara gəlincə, Esteban Okonun 3 dəfə cərimə aldığını qeyd edə bilərəm. Bugünə qədər belə bir hadisənin olduğu şəxsən mənim yadıma gəlmir. Əvəzində onun komanda yoldaşı ilk yarışında xal qazana bildi.

Beləliklə , Formula 1 üzrə dünya çempionatının ilk yarışı geridə qaldı. Böyük azarkeş ordusu olan Alonsosevərlər indi səbrsizliklə 2-ci yarışı gözləyirlər. Artıq hədəf “Red Bull”u geridə qoymaqdır. Etiraf etməliyik, bu, elə də asan deyil. Amma Formula 1 texnika idmanıdır. Burada hər şey mümkündür.

334921689 782004746142973 8115038608592629324 n - Futbolinfo.az

Xatırladaq ki, növbəti yarış 2 həftə sonra Səudiyyə Ərəbistanında baş tutacaq.

SİYAVUŞ ƏLİYEV

Shares: