AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda Premyer Liqanın 25-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Zirə” – “Şamaxı” oyununda “Zirə” oyun günü planı tələblərini pozduğuna görə 800 manat cərimə olunub.

“Səbail” – “Sumqayıt” oyununda “Səbail”in azarkeşləri tərəfindən təhqiramiz ifadələrin işlənməsinə görə klub 4000 manat cərimə olunub. “Sumqayıt”ın nümayəndəsinin iclasa gecikməsinə görə klub 800 manat cəzalandırılıb. “Səbail”in oyunçusu Qustavo de Fransa rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, klubu 200 manat cərimə olunub.

“Sabah” – “Kəpəz” oyununda “Sabah”ın futbolçusu Anatoli Nuriyev ikinci sarı vərəq alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılıb, klubu 200 manat cərimə olunub. “Kəpəz”in futbolçusu Abdullahi Şuaybu ciddi qayda pozuntusu edərək birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılıb, klubu 1600 manat cərimələnib. “Kəpəz”in azarkeşləri tərəfindən oyunun hakimlərinin kütləvi təhqir edilməsinə görə klub 4000 manat cərimələnib.

“Qəbələ” – “Qarabağ” oyununda “Qarabağ”ın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilib.

Shares: