“Sabah”ın müdafiəçisi Tellur Mütəllimovun futbolinfo.az saytına müsahibəsi
– Premyer Liqanın 25-ci turunda “Kəpəz” üzərində 2:0 hesablı qələbə qazandınız. İlk olaraq oyunu dəyərləndirərdiniz.
– Çətin görüş alındı. Meydanda üstünlüyümüz olsa da, əldə etdiyimiz fürsətləri qola çevirməkdə çətinlik çəkirdik. Lakin ilk hissənin sonlarında hesabda önə keçməyi bacardıq. Bundan sonra da öz oyunumuzu davam etdirdik və matçdan 3 xalla ayrılmağı bacardıq.
– İkinci dövrədə “Kəpəz” sizi büdrətməyi bacarmışdı (2:2). Bu qalibiyyətlə həmin heç-heçənin təsadüfi olduğunu sübut etdiyinizi düşünmürsünüz?
– Səfər oyunu çətin keçmişdi. Budəfəki matç da bu baxımdan istisna olmadı. Sadəcə, bu dəfə qalib gəlməyi bacardıq. Düzü, meydana nəyisə sübut etmək üçün yox, yalnız ən yaxşı oyunumuzu göstərmək və qələbə qazanmaq üçün çıxırıq. Çox şükür, bu dəfə istəyimizə çata bildik.
– “Kəpəz” 15-ci dəqiqədə meydanda azlıqda qaldıqdan sonra hər kəs sizdən asan qələbə gözləyirdi. 10 nəfərlə qalan rəqibin qapısına yol tapmaqda niyə bu qədər çətinlik çəkdiniz?
– Rəqib arxa xətdə inamlı təsir bağışlayırdı. Meydanda azlıqda qaldıqdan sonra müdafiə xəttinə daha çox diqqət yetirməyə başladılar. Fikrimcə, fərqlənməkdə çətinlik çəkməyimiz bu amillə bağlıdır.
– Üç oyunluq qələbə həsrətinə son qoydunuz. Artıq tilsimi qırdığınızı demək olar?
– Bu gün çempionatda bütün komandalar sona kimi mübarizə aparırlar. Matçların hamısından qələbə ilə ayrılmaq qeyri-mümkündür. Bu cür xal itkiləri ilə bütün komandalar üzləşir. İnanıram ki, bu oyunlardan nəticə çıxarıb, qarşıdakı matçlarda bunları təkrarlamayacağıq.
– Ardıcıl iki turdur əsas heyətdə çıxış edirsiniz. Əvvəlki Tellur qayıdır, yoxsa performansınızdan hələ tam razı deyilsiniz?
– Mənə etimad göstərilməsi xoşdur. Əlimdən gələni edirəm ki, mənə olan inamı doğruldum. O ki qaldı performansa, əlbəttə, daha yaxşı ola bilərəm. Bunun üçün məşqlərdə var qüvvəmlə çalışıram.
– 90 dəqiqə meydanda qalmağınıza nə mane olur?
– Kimin neçə dəqiqə oynamasına məşqçilər korpusu qərar verir. Mən futbolçuyam. İşim məşqlərdə özümü maksimum yaxşı göstərmək, start heyətində və ya sonradan oyuna daxil olmağımdan asılı olmayaraq, meydanda komandama əlimdən gələn köməyi göstərməkdir.
– Növbəti iki turda keçmiş komandalarınız – “Sumqayıt” və “Zirə” ilə qarşılaşacaqsınız. Bu rəqiblərlə matçların sizin üçün hansısa prinsipiallığı var?
– Hər iki komandaya hörmətlə yanaşıram. Mənim üçün bütün oyunlar önəmlidir. Lakin hər hansı xüsusi prinsipiallıqdan söhbət gedə bilməz.
– Son görüşlərdəki xal itkiləri sayəsində “Qarabağ” sizdən uzaqlaşdı, eyni zamanda üçüncü yerdəki “Neftçi” yaxınlaşdı. “Neftçi”nin nəfəsini artıq kürəyinizdə hiss edirsiniz?
– Biz turnir cədvəli barədə düşünmürük. Yalnız hər növbəti oyumuza köklənir və hər matçımızdan 3 xalla ayrılmağa çalışırıq.
CAVAD