“Tottenhem” bu həftə baş məşqçisini dəyişəcək. Antonio Konte lə yollar tezliklə ayrılacaq.
Müqaviləsi mövsümün sonunda bitəcək italiyalının erkən qovulması komandanın uğursuz nəticələri ilə bağlıdır. Londonlular ardıcıl xal itkiləri ilə Çempionlar Liqasına vəsiqə qazanmaq şansını pisləşdirib. Üstəlik, məşqçi son matçdan sonra verdiyi açıqlama ilə klubu hədəfə gətirib.
Konte son mətbuat konfransında bunları deyib: “Klub rəhbərliyi bu cür gedişata öyrəşiblər və vacib şeylər üçün addımlar atmırlar. Onlar təzyiq altında olmağı sevmirlər, stress yaşamaq istəmirlər. “Tottenhem” klubunun tarixi bu cürdür. Klubun hazırkı rəhbərliyi 20 ildir buradadır və heç bir uğur qazana bilməyiblər. Düşünmüsünüzmü niyə? Komandaya gəldikdə isə mən sadəcə, özü üçün məqsədsiz şəkildə meydanda oynayan 11 nəfər görürəm. Mən sadəcə paxıl, eqoist oyunçular görürəm və heç biri bir-birinə kömək etmir, sadəcə, pul qazanırlar. Çünki rəhbərlik heç bir məsuliyyəti üzərinə götürmür, nəticə tələb etmir. Transfer bazarında belə heç bir məsuliyyət yoxdur. Bəhanələr, bəhanələr, bəhanələr… Hər zaman bəhanə edilir. Amma lənətə gəlsin, bizlər peşəkar adamlarıq. Klub bizlərə, oyunçulara çoxlu pul verir. Mən də pul qazanıram, amma bizim işimiz bəhanə etmək olmamalıdır”.
2 ildir Londonda çalışan 53 yaşlı mütəxəssis bu açıqlama ilə münasibətləri gərginləşdirib. Onun yayda bitəcək müqaviləsinin erkən ləğvi gözlənilir. Artıq klub rəhbərliyinin yeni məşqçi axtarışına çıxdığı deyilir.