Ardıcıl 5 oyunluq uğurlu seriyadan sonra millimiz üçün həqiqət anı yetişdi. Hər nə qədər UEFA Millətlər Liqasında Belarus, Slovakiya və Qazaxıstan, yoldaşlıq oyunlarında Moldova və Şimali Makedoniya ilə görüşlərdə qazandığımız qələbədən bihuş olsaq da, bu hənanın o hənadan olmadığını hamımız yaxşı bilirik.
Söhbət burada təkcə Avstriya və İsveçin daha güclü rəqib olmasından getmir. Təbii ki, birinci göz önünə bu amil gəlir. Amma budəfəki yarışın statusu da fərqlənir. Millətlər Liqasında biz qatar platformadan ayrılandan sonra ayıldıq. Moldova və Şimali Makedoniya yığmalarını səfərdə məğlub etsək də, həmin oyunların yoldaşlıq görüşü olması məsələsini xatırlatmaq kifayətdir.
Avstriya və İsveç milliləri ilə səfərdəki oyunlar bizim əsl gücümüzü göstərəcək. Bəlkə də “gücümüzü” sözünü “gücsüzlüyümüzü” kimi də oxumaq olar. Çünki Avropa çempionatına yollanmaq istəyən bu komandalar evdə Azərbaycan və Estoniya yığmaları ilə oyunda xal itirməyi ağıllarının ucundan da keçirmirlər. Əks halda, onların AÇ-də nə işi var? Amma bu, bizim problemimiz deyil. Bizim də öz xəyallarımız var və bu xəyallar uğrunda rəqiblərə problem yaşatmaq lazımdır.
Bəs, görəsən, bu komandaları məğlub etmək üçün hansı taktikadan istifadə etmək lazımdır? Rəqibin hansı oyunçularına xüsusi diqqət ayırmaq lazımdır? Qol buraxmamaq üçün necə müdafiə olunmalı, fərqlənmək üçün necə hücum qurmalıyıq?
Canni De Byazi və köməkçiləri bu barədə millimizin üzvlərinə ətraflı məlumat verəcək. Amma bizim də öz qeydlərimizi aparmağımız pis olmaz.
Başlayaq, martın 24-də qarşılaşacağımız Avstriya millisindən. Hər halda, rəqibin heyətini “saf-çürük” edərkən onlar haqda müəyyən təsəvvür yaratmaq olar. “Saf-çürük” demişkən, sağlam və zədəli oyunçuların siyahısına nəzər salsaq, avstriyalıların “çürük” futbolçularının az olduğunu görərik. Söhbət hələ də zədəsini tam sağaltmayan müdafiəçilər David Alabayla Filipp Lienhart və hücumçu Marko Arnautoviçdən gedir. Amma onların bizimkilərlə görüşdə meydana çıxıb-çıxmayacağını müəyyənləşdirmək çətindir. Böyük ehtimalla, Ralf Ranqnik oyun ərəfəsində tam qərar qəbul edəcək. Amma gəlin, qəbul edək ki, Alaba ilə Arnautoviç bu komandanın əsas silahlarıdır. Onlar meydana çıxsalar belə, tam formada olmayacaqlar. Bu da işimizə yaraya bilər.
Millimizlə oyunda “Mançester Yunayted”in sabiq baş məşqçisi Ralf Ranqnik qapıda Niklas Hedlə şans verəcək. O, özünü doğrultsa, qarşıdakı oyunlarda da seçimi onun üzərinə edəcək. Çalışdırıcı bunu mətbuata açıqlamasında söyləyib. Əslində, Hedli tanıtmağımıza ehtiyac yoxdur. “Neftçi”nin Konfrans Liqasında “Rapid”ə qarşı oyunlarında onun nəyə qadir olduğunu gördük. 22 yaşlı qolkiper istedadlı olsa da, qəbul etmək lazımdır ki, belə oyunlarda bişməyib.
Bakıdakı oyunda təcrübəsizliyinin onun başını bir qədər ağrıtdığını gördük. Ataa Caberin qolu “rikoşet”dən vurulsa da, Hedl uzaq məsafədən “çərçivə”yə ünvanlanan topu dəf etmək üçün yerə çox tez yıxıldı. Kenni Sayefin vurduğu qol epizodunu isə elə Niklasın özü yaratdı. Məhz onun topu elə də yaxşı uzaqlaşdıra bilməməsi “Rapid”in qapısına vurulan qolla nəticələndi. Doğrudur, o epizodda müdafiəçilərin səhvi ondan daha çox idi. Amma həmin topu başla mərkəzə yox, daha təhlükəsiz yerə atmaq olardı.
Arxa xəttə gəlincə, Ranqnik burada bəzən 3, bəzən də 4 müdafiəçidən istifadə edir. Məsələn, Millətlər Liqasında keçirdikləri son görüşdə Xorvatiya ilə oyuna 3 arxa xətt oyunçusu ilə çıxmışdılar. Söhbət “Bolonya”lı Stefan Poş, “Lans”lı Kevin Danso və “Real”lı David Alabadan gedir. Ondan əvvəl Fransa yığmasına qarşı keçirdikləri oyunda Ranqnik 4-lü müdafiəyə bel bağlamışdı. Amma həmin oyunda adları çəkilən müdafiəçilərdən yalnız Alaba meydana çıxmışdı. Mərkəzdə onunla “Frayburq”lu Filipp Lienhart qərarlaşmışdısa, sol cinahda “Lids”li Maksimilian Ueberlə sağda bu dəfə heyətdən kənarda qalan “Yunion Berlin”li Kristofer Trimmel yer almışdı.
Daha əvvəl keçirilən görüşdə isə müdafiə xətti soldan sağa düzülüş belə idi: Valentino Latsaro (bu dəfə heyətə cəlb olunmayıb), Qernot Trauner (Feyenoord), Kevin Danso (Lans) və Kristofer Trimmel (ona bu dəfə dəvət gəlmədiyini yuxarıda qeyd etdik). Gördüyünüz kimi, Ranqnikin oturuşmuş müdafiə xətti yoxdur. Düzdür, Millətlər Liqasında məşqçilər bir qədər eksperiment aparmağı sevir. Nəzərə alaq ki, komandalar 10 günə 3 oyun keçiriridi. Burada rotasiya qaçılmazdır. Ona görə də Avstriya millisinin bizimlə oyunlarda hansı müdafiəçilərlə meydana çıxacağını söyləmək çətindir. Amma ümmi onu demək olar ki, meydana kimin çıxmasından asılı olmayaraq, müdafiənin arxasına atılan toplarda çox zəifdirlər. Onlarla oyunda daha çox arxa xəttə diqqət ayıracağımızdan bunu etmək imkanımız daha çox olacaq.
De Byazi oyunçularına uzun ötürmələri məşq etdirməlidir. Avstriyalılar cinahlarına uzun ötürülən toplarda diskomfort yaşayır. Belə olan məqamda cinahda topu qəbul edən futbolçumuz onu yerlə hücuma qoşulan forvarda ötürməlidir. Ancaq qısa ötürmələr… Hava toplarında onlara batmaq çətin olacaq. Hərçənd, avstriyalılar bu mənada da ideal deyil. Məsələn, Millətlər Liqasında son oyunda evdə Xorvatiya yığmasına məğlub olarkən qapılarında gördükləri son iki qolu məhz belə buraxmışdılar. Sadəcə, bizimkilər xorvatlar kimi cəsarətli oynaya bilməyəcəklər.
Ranqnik müdafiədə tez-tez dəyişikliklərə əl atırsa, ortada çox da rotasiyaya əl atmır. Son oyunlarda “Mançester Yunayted”də çıxış edən komandanın lideri Marsel Sabitzerlə “Zaltsburq”lu Nikolas Seyvald və “Leypsiq”li Ksaver Şlagerə şans verirdi. Şlager zədələniyinə görə bu dəfə heyətə dəvət olunmayıb. Bu dəfə onun mövqeyində “Hoffenhaym”dan Kristof Baumqartner yer ala bilər. Əlbəttə, “Leypsiq”də çıxış edən Konrad Laymer də meydana çıxa bilər.
Təbii ki, bu mənada əsas diqqəti Marsel Sabitzerə ayırmaq lazımdır. Doğrudur, “Bayern”də olduğu kimi, Marsel “Mançester Yunayted”də də əsas heyətin üzvü deyil. Amma bütün bunlar onun formada olmayacağına dəlalət etməyəcək. Desək ki, Sabitseri müntəzəm olaraq pressinqdə saxlamaq lazımdır, bu bir qədər effektiv olmaya bilər. Çünki, əla texnikası olan Marsel driblinqi ilə qarşısındakını keçib rəqibi işsiz qoymağı bacarır. Mümkün qədər onun ötürmə yollarını bağlamaq lazımdır. Çünki onun zərgər dəqiqliyi olan uzaq ötürmələri və asmaları öldürücü təsir bağışlayır. Hə, bir də mümkün qədər onun zərbə yollarını bağlamaq lazımdır. Uzaqdan qüvvətli zərbələr Zabitserin əsas silahıdır. Onu qətiyyət qapıçımızla üz-üzə qoymaq olmaz.
De Byazi onlarla oyunda millinin heyətində debüt edəcək Yusif İmanova şans versə, riskə yol vermiş olacaq. Amma Səlahət Ağayevlə Emil Balayevin təcrübəsi də bizi xilas etməyə bilər. Ona görə də qapıçıya qədər işi həll etmək lazımdır.
Hücuma gəlincə, burada da Ranqnik tez-tez dəyişikliklərə əl atır. Amma bir o dəqiqdir ki, təcrübəli mütəxəssis həmişə hücumun sivri ucunda iki nəfərə şans verir. Belə ki komandanın keçirdiyi son 8 oyunun 5-də 4-4-2, 2-də 3-5-2 və yalnız 1-də 3-4-2-1 oynayıblar. Gördüyünüz kimi, 7 oyunda 2 hücumçu meydana çıxıb. Əslində, zədəsini sağaldacağı halda, normal şəraitdə Marko Arnautoviç meydana çıxmalıdır. Hər halda, Ranqnik hava toplarında zəif olduğumuzu yaxşı anlayaraq bizi Arnautoviçlə sınağa çəkə bilər. Onun qarşısını necə kəsəcəyimizi isə demək çətindir. Ucaboy olduğuna görə fiziki keyfiyyətlərinə söz ola bilməz. “Bolonya”nın hücumçusu bu mövsüm A Seriyasında keçirdiyi 15 oyuna 8 qol vurub. Nəticə göz qabağındadır.
Daha bir təhlükəni “Frayburq”un hücumçusu Mixael Qreqorişdən gözləmək lazımdır. Onu da “Qarabağ”a qarşı Almaniyadakı oyundan tanıyırıq. Amma avstriyalı hücumçusu təmsilçimizə qarşı görüşdə yalnız 19 dəqiqə meydanda oldu. Yeri gəlmişkən, Mixael də Marko kimi bu mövsüm daxili çempionatda 8 qol vurub. Amma o, 23 görüşdə meydana çıxıb. Hər halda, Ranqnikin hücumçularının formada olduğunu görmək olar. Ümumi planda bu komandanı saxlamaq üçün mümkün qədər fərdi səhvlərə yol verməməliyik. Belə olacağı halda, xal qazanmağa ümid etmək olar.
Top ayağımıza düşən kimi erkən qərar qəbul etmək lazımdır. Çünki Avstriya millisinin pressinq potensialı çox yüksəkdir. Topu itirən kimi mövqelərimizə qayıtmaqda problem yaşayacağıq, rəqibin oyunçuları çox yaxşı açılır, əks-hücumlarda öldürücü həmlələri var. Buna qətiyyən yol vermək olmaz. İntizamlı oyuna üstünlük verən rəqibə qarşı ancaq təmkinli futbol oynamaq lazımdır.
Görək, De Byazi yetirmələrini oyuna necə hazırlayacaq. Məğlubedilməz komanda deyillər. Onlardan Lintsdə xal almaq bir qədər utopiya kimi görünə bilər. Amma formada olan komandamız bunu haradasa bacara bilər.
FƏRİD