“Qarabağ”ın daha 3 futbolçusu Rusiya klublarının maraq dairəsinə düşüb. “Krasnodar“a satılan Kadi Borgesin bu ölkəyə uğurla uyğunlaşmasından sonra indi də Ağdam klubunun digər futbolçularına maraq yaranıb.

Futbolinfo.az xəbər verir ki, Leandro Andradeni də məhz “Krasnodar” istəyir. Yarımmüdafiəçini qışda ala bilməyən Rusiya Premyer Liqası təmsilçisi arzusunu yayda reallaşdırmaq niyyətindədir.

Rusların “radar”ına düşən digər iki oyunçu isə yerlidir. Toral Bayramovla “Krılya Sovetov” marqlanır. “Qarabağ”da əsas heyətdəki yerini itirən cinah müdafiəçisi də getməyin əleyhinə deyil. Amma ağdamlıarla yaxınlarda yeni müqavilə bağlayan futbolçunu aparmaq üçün Samara klubu “Qarabağ”ı razı salmalıdır.

Ramil Şeydayevlə bağlı vəziyyət fərqlidir. Hücumçu “Qarabağ”la yeni müqavilə bağlamaqdan imtina edir. Futbolçunun meneceri olan “Sumqayıt”ın prezidenti (!!!) Riad Rəfiyev Ramili 6 təklifinin olmasına inandırıb. Əslində, Şeydayevlə yalnız “Krılya Sovetov” maraqlanır, amma öz qazancını düşünən Rəfiyev hücumçu üçün daha sərfəli variantlar tapacağını vəd edərək onun “Qarabağ”dan azad agent kimi ayrılmasına çalışır.

Vaxtilə Ramili “Trabzonspor”, “Jilina”, “Krılya Sovetov” və Moskva “Dinamo”suna aparan, arada bir mövsüm “Qarabağ”a gətirən Riad bəy, futbolçunun 4 ilə 5 klub dəyişməsinə nail olmuşdu. Hər kluba keçiddən öz qazancını götürən menecer-prezidentə belə səyahətlər sərf edirdi. Halbuki Ramil yalnız “Qarabağ”da sabit oynaya bilmişdi. 2020-ci ildə gəldiyi “Sabah”da da yalnız bir mövsüm oynayan hücumçu sonradan yenidən “Qarabağ”a keçib və burada karyerasının zirvəsinə çatıb. O, qolçuluq bacarığını nümayiş etdirdiyi bir vaxtda yenə Rəfiyevin toruna düşərək macəra axtarmaq niyyətindədir.

Qərar vermək futbolçuların öz işidir. “Qarabağ” isə yayda heyəti qorumaq və yenidən komplektləşdirmək üçün çox əziyyət çəkməli olacaq. Ramillə müqayisədə digər futbolçuların heyətdə saxlanması mümkündür. Ağdamlılar onları satmaq istəməsə, gedişləri mümkünsüzdür. Zatən Kadinin satılması da müzakirə mövzusu deyildi. Futbolçunun müqaviləsindəki “sərbəstqalma bəndi” üzündən braziliyalının gedişi mümkün oldu.

ABBAS

Shares: