Milli hokkey liqasının müntəzəm çempionatının “Vaşinqton” – “Kolambus” oyunundan əvvəl arenada Aleksandr Oveçkinin şərəfinə xüsusi mərasim təşkil edilib. 20 dəqiqə davam edən tədbir rusiyalı forvardın qolların sayına görə liqa tarixində ikinci yerə çıxmasına görə idi.

Əslində, hadisə dekabr ayında baş vermişdi. Məhz ötən ilin sonunda o, əfsanəvi Qordi Hounu qabaqlamışdı.

Tədbirdə Aleksandra hədiyyələr təqdim edildi. Aralarında ən maraqlısı 1974-cü il superseriyasında oynayan hokkeyçilərin avtoqrafı olan SSRİ millisinin klyuşkası idi.

Oyun başlayan kimi forvard azarkeşlərə şadyanalıq üçün daha bir imkan yaratdı. Ovinin budəfəki qolu da yeni rekord demək idi. Bu, onun 820-ci qolu idi. Ancaq rekord başqa göstəriciyə görə qeydə alındı. Aleksandrın bu qolu mövsümdə 40-cı idi. Bu isə yeni tarixi bir nəticəydi. Rus hokkeyçi MHL-də ən az 13 mövsümdə 40 qol vuran ilk idmançı oldu. Buvaxta qədər dahi Veyn Qretski 12 mövsümdə 40 qolla rekordun sahiblərindən biri sayılırdı. Qretskiddən sonrakı yerlərdə isə 10 mövsüm bu nəticəyə çatan digər bir əfsanə Mario Lemye və Marsel Dionn var.

Əlavə edək ki, bu yaşda belə bir göstəriciyə malik hokkeyçilərin də sayı azdır. Oveçkinə qədər bu yaşda yalnız Qretski, Espozito, Byusik və Şenahan bunu edə bilib.

İndi Oveçkini liqa tarixinin ən böyük rekordundan cəmi 74 şayba ayırır. Builki templə həmin nöqtəyə çatmaq elə də əlçatmaz görünmür. Belə bir sürətlə rusiyalı hokkeyçi iki ilə Qretskini rekordlar kitabının daha bir taxtından endirə bilər. Kanadalı əfsanənin aktivində 894 qol var. Əgər Aleksandr formasına diqqət yetirib karyerasını davam etdirsə, buna çatmaq çətin olmayacaq. Çünki MHL-də 40 yaşından sonra da yüksək məhsuldarlıq nümayiş etdirmək mümkündür. Elə də uzağa getməsək, Yaromir Yaqrın nümunəsi kifayət edər. Çexiyalı forvard 40-dan yuxarı yaşda MHL oyunlarında yüksək məhsuldarlığı ilə seçilirdi. Hokkeydən doymayaraq, indi də Çexiya liqasında dünya rekordlarını yeniləyir.

22de229f ef5a 41d5 bc3f 38f3d6fb69db - Futbolinfo.az

Sözsüz ki, bayramla başlayan oyun xoş hisslərlə bitsəydi, daha yaxşı olardı. Lakin “Vaşinqton” komandası qələbə qazanmağa nail olmadı. Yüksək məhsuldarlıqla yadda qalan qarşılaşmada qonaqlar böyük əzm nümayiş etdirərək bir neçə dəfə məğlubiyyətdən xilas oldular və overtaymda qələbə qazandılar.

Bu məğlubiyyət paytaxt təmsilçilərini pley-off zonasından bir qədər də uzaqlaşdırdı. İndi onların “Stenli kuboku” uğrunda mübarizəyə qatılacaqları inandırıcı görünmür. Müntəzəm çempionatın sonuna isə 11 oyun qalıb. Mövsümün əvvəlində alınan məğlubiyyətlərin təsiri özünü göstərir. Startda Oveçkinin zədəli olması, ötən ay isə atasının ölümüylə əlaqədar bəzi oyunları buraxması həlledici ola bilər.

İLQAR AĞAYEV

Shares: