Hazırda MHL təkcə Aleksandr Oveçkinin rekordları ilə əlamətdar deyil. Bu gün hokkey azarkeşləri okeanın o tayında daha da qiymətli hadisələrin şahidi olurlar. Rusiyalı snayperin tarixi rekordu bu il baş tutmayacaq. Belə templə buna ən azı 2 mövsüm qalıb. Bu səbəbdən də cari mövsümün qəhrəmanı tamam başqa idmançıdır.
Dünən MHL-də sonuncu dəfə 27 il bundan əvvəl baş vermiş hadisənin şahidi olduq. Arizona ilə qarşılaşmada “Edmonton”un kapitanı Konnor Makdevid Zak Haymana ötürmə etdi. Bu isə onun mövsümdə 80-ci məhsuldar ötürməsi və çempionatda 140-cı xalı idi.
Beləliklə də o, MHL tarixində ən azı 140 xal toplayan 10-cu hokkeyçi oldu. Ona qədər Veyn Qretski (11 dəfə), Mario Lemye (5 dəfə), Fill Espozito (2 dəfə), Stiv Ayzerman, Bern Nikols, Yaromir Yaqr, Pet Lafonten, Mayk Bossi və Adam Outs bunu bacara bilib.
Postlokaut dövründə bu, fenomenal göstəricidir. Qarşıda qeyd edilən göstəricini yeniləmək üçün Konnorun ixtiyarında 8 oyunu da var. Doğrudur, son 2 oyunda Makdevid qol vurmasa da, bunun çox davam edəcəyi inandırıcı görünmür. Forvard üçün başqa bir məqsəd MHL-in yeni erasında qolların sayına görə rekordsmen olan Oveçkinə çatmaqdır. Rusiyalı forvard 15 il əvvəl bir mövsümdə 65 qol vura bilmişdi.
Ümumiyyətlə, Konnorun göstəricilərini diqqətlə təhlil etsək, onun universallığını qeyd edə bilərik. Makdevid nə Oveçkin kimi supersnayperdir, nə də həmyerlisi Co Tornton kimi assistentdir. Məhsuldar ötürmələrə görə müasir dövrün rekordunu yeniləmək qarşıdakı illərdə çox çətin görünür. Belə ki, Tornton 2005/2006-cı illər mövsümündə 96 məhsuldar ötürmə edib. Makdevidin Torntonla Oveçkindən fərqi də məhz hər iki xüsusiyyəti özündə cəmləməsidir. Bu da onu hokkeyin dahiləri sırasına qatıb.
Rekordun dəyərini artıran başqa bir məqam da var. Bu gün MHL əvvəlki illrdən xeyli fərqlənir. Komandaların taktikaya daha çox fikir verdiyi, güclü qapıçı nəslinin olduğu bir vaxtda belə göstəricilər fantastik görünür. Yeni nəslin ən böyük istedadlarından biri kimi tanınan Sidni Krosbi belə fərdi qaydada belə nəticələr göstərə bilməyib. Tornton hər nə qədər fantastik hokkeyçi olsa da, oyun qurmaqda və ötürmələr etməyinə görə seçilib. Makdevid isə tam fərqlidir. O, həqiqi bir kapitandır. Lazım olanda qol vurmağı, lazım gəldikdə də ötürmə etməyi bacaran mərkəz forvardıdır.
Məhz Makdevidin fantastik mövsümü “Edmonton”un play-offda yerini təmin etməyə imkan verib. Fərdi qaydada isə yəqin ki, bütün dəyərli nominasiyaların qalibi məhz o olacaq. Böyük ehtimalla bir neçə gündən sonra onun “Moris Rişar” və “Art Ross” mükafatlarını qazanması rəsmiləşəcək.
Hokkey biliciləri bu idman növü haqqında danışarkən ilk növbədə Qretski və Lemyenin adlarını hallandırır. Həqiqətən də bu iki kanadalı hokkeyçi ötən əsr idmanının dahiləri siyahısındadırlar. Maraqlısı odur ki, Makdevid bu templə davam edərsə, mövsümün sonuna qədər 157 xal toplayaraq Stiv Ayzermanın 155 xallıq nəticəsini keçəcək və 14-cü yerə yüksələcək. Bu göstəricidən öndəki sıralarda isə yalnız Qretski ilə Lemyenin müxtəlif nəticələri yer alır.
MHL daha bir tarixi nəticəni gözləyir. Bu unikallığına görə də onu izləməyə dəyər. Ən azından bu mövsüm.
SİYAVUŞ ƏLİYEV