“Qarabağ”ın prezidenti Tahir Gözəl “Qalatasaray”ın prezidenti Dursun Özbekin təşəkkür məktubunu cavabsız qoymayıb. Bu haqda Ağdam təmsilçisinin Tvitter hesabında paylaşım edilib.

Daha əvvəl “Qalatasaray”ın Tvitter səhifəsində Özbekin təşəkkür məktubu bölüşülüb. Məktubda yazılıb: “Qardaş ölkə Azərbaycanın seçilən komandası “Qarabağ”la keçirdiyimiz və əldə edilən qazancı zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza bağışlanan dostluq oyunu, klubumuzu və icmamızı sevindirdi. Bakı Olimpiya Stadionunda təşkil olunan matça təşrif buyuraraq bizi şərəfləndirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və xanımı Mehriban Əliyevaya, klubumuzu böyük nəzakətlə qarşılayan “Qarabağ”ın prezidenti cənab Tahir Gözələ və İdarə Heyətinə təşəkkürlərimizi bildiririk. Bundan əlavə, Bakıdakı coşqulu qarşılamaya və göstərdikləri böyük marağa görə Azərbaycan xalqını bir daha salamlayıram”.

Tahir Gözəl isə cavabında bu sözləri qeyd edib: “Əziz “Qalatasaray” camiəsi, dəyərli prezident, dostum Dursun bəy, sizi, çox dəyərli idarə heyəti üzvlərinizi və direktorlarınızı qəbul etdiyimiz üçün şad olduq. Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın da gəldiyi və şərəf verdiyi qardaşlıq oyunumuzda Azərbaycan və Türkiyənin münasibətini stadionumuzu dolduran 62 min 500 azarkeşimizlə bütün dünyaya yenidən göstərdik. Gəlirləri Türkiyədə zəlzələdən zərər çəkən vətəndaşlara yardım olaraq göndəriləcək matçın ağrılarınızı bir az da olsa, azaltmasını arzulayır, dəvətimizi qəbul edib, gəldiyiniz üçün təşəkkür edirik. Azərbaycan və Türkiyənin 2 seçilmiş camiəsinin ən qısa zamanda yenidən bir araya gəlməsi diləyi ilə…”

Xatırladaq ki, “Qalatasaray”ın 2:1 hesabı ilə qalib gəldiyi xeyriyyə matçından əldə olunan bütün gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə ayrılacaq.

Shares: