“Neftçi”nin qapıçısı İvan Brkiç Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Turan Tovuz”la keçirilən cavab oyunu ilə bağlı fikirlərini bildirib. Futbolinfo.az saytı xəbər verir ki, xorvatiyalı qolkiper 2:0 hesabı ilə qalib gələrək finala adladıqları qarşılaşmanı ölkəsinin mətbuatına açıqlamasında dəyərləndirib.
28 yaşlı oyunçu qələbənin onlara asan başa gəlmədiyini etiraf edib: “İlk oyundan sonra bizim üçün asan olmadı. Ancaq 0:1 hesablı məğlubiyyətin təsadüf olduğunu və daha artığına layiq olduğumuzu bilirdik. Cavab görüşünə yaxşı hazırlaşmışdıq. Oyunda sakit qaldıq, inanırdıq ki, bir qol vursaq, ardını gətirəcəyik. Sonda belə də oldu”.
Brkiç “Qəbələ”yə qarşı keçirəcəkləri final görüşünün favoriti olacaqlarını düşünür: “Final matçı iyunun 3-də stadionumuzda oynanılacaq. Əlbəttə ki, bu, bizim üçün üstünlük olacaq”.