Kodi Qakpo İngiltərə Premyer Liqasında özünü göstərməyə başlayıb. Qışda PSV-dən transfer olunan Niderland millisinin hücumçusu ilk vaxtlar tənqid olunsa da, yavaş-yavaş heyətə uyğunlaşır.
Son turda “Vest Hem”ə vurduğu qol onu daha da ruhlandırıb: “Qısa müddətdir burdayam. İlk vaxtlar adaptasiya problemi yaşayırdım. İndi hər şey yoluna düşür və doğru yolda olduğumuzu görürəm. Daha da inkişaf etməliyik. Səfər oyunlarında yaxşı təsir bağışlamırdıq. Bu oyundan etibarən seriya yaratmalıyıq”.
“Liverpul”un hücumçusu 2:1 hesablı qələbədən ümidlənib: “Çempionlar Liqasına vəsiqə verən ilk “dördlüy”ə düşmək şansımız artıb. Bu həftədən etibarən daha ciddi mübarizə aparacağıq. Son ana qədər şansımızdan yararlanmalıyıq”.