Misli Premyer Liqasında son pillənin sahibinin I Diviziona düşəcəyinin dəqiqləşməsindən sonra həmin komandanı kimin əvəz edəcəyi sualı yaranıb. Normalda belə bir sual olmamalıdır, eliatanı tərk edəni aşağı liqanın qalibi əvəz etməlidir.
Lakin bizdə şərtlər bir qədər fərqldi. Azərbaycanda I Divizionun qalibinin sonuncu dəfə nə vaxt yüksək dəstəyə yüksəldiyini hətta xatırlamırıq da. Son illər ümumiyyətlə, yerdəyişmə olmur, əvvəllər isə ən yüksək pillədə olan yox, lisenziya almağı bacaranlar Premyer Liqaya gəlirdi.
Deyəsən, yenə eyni hadisələr baş verəcək. I Divizionda mövsümün qalibi olan “Araz Naxçıvan”da bir sıra problemlər ortaya çıxıb. Komandanın oyunlarını keçirdiyi stadion hazır deyil, uşaq komandaları ilə bağlı problem var, sponsorla bağlı qeyri-müəyyənlik yaranıb, üstəlik, muxtar respublika təmsilçisi ilə bağlı müxtəlif araşdırmalar aparılır. Ona görə də klubun Premyer Liqa tələblərinə cavab verməsi barədə lisenziya ala bilmir.
Amma AFFA Premyer Liqanın sonuncusunu Diviziondan bir komanda ilə əvəzləmədə israrlıdır. Naxçıvanlılar yarışa hazır olmasa, aşağı dəstədə tələbləri yerinə yetirən ən yüksək pillədəki komanda elitaya gətiriləcək. Təsadüfi deyil, artıq bir komanda bütün problemləri yoluna qoyub.
Bu həftə AFFA-da olan “Zaqatala” klubunun nümayəndələrinə lisenziya almaqla bağlı heç bir problemlərinin olmadığı deyilib. Müddət başa çatdıqdan sonra lisenziyalar təqdim olunarkən azı bir komandanın Premyer Liqaya buraxılmaq üçün hazır olacağı dəqiqdir. “Araz Naxçıvan” tez bir zamanda problemlərini həll etməsə, Premyer Liqaya məhz “Zaqatala” yüksələcək.
FƏRİD