2019-2020 mövsümünü icarə əsasında “Zirə”nin heyətində keçirən, hazırda isə ölkəsi Peruda çıxış edən 30 yaşlı sol cinah müdafiəçisi Alvaro Ampueronun Futbolinfo.az saytına müsahibəsi
– Hazırda işləriniz necə gedir? Peruya belə erkən qayıtmağı planlaşdırırdınız?
– Peruya erkən qayıtmağımın bir sıra səbəbləri oldu. İndi ölkəmdə “Atletiko Qrau” komandasının formasını geyinirəm. Əslində, Avropada, xüsusilə də Azərbaycanda daha çox qalmağı planlaşdırırdım. Lakin koronavirus pandemiyası və dizimdən aldığım zədə səbəbindən ölkənizi tərk etməli oldum.
– 2019-20 mövsümündə “Zirə”nin formasını geyindiniz. Azərbaycandakı karyeranızı necə xatırlayırsınız?
– Azərbaycanla bağlı çox xoş xatirələrim var. Orada gözəl anlar yaşadım. Təəssüf ki, orada qalmağım mümkün olmadı. Səbəbini də izah etdim. Azərbaycanda az müddət qalsam da, hər zaman gözəl xatırlayıram.
– “Zirə”yə gəlməzdən əvvəl Azərbaycan futbolu ilə bağlı nəsə bilirdiniz?
– Yalan danışmaq istəmirəm, təklif aldığım zaman, Azərbaycan futbolu barədə, demək olar ki, heç nə bilmirdim. Gəldikdən sonra gördüklərim isə məni təəccübləndirdi. Çünki əla ölkə və çox yaxşı çempionat gördüm. Açığı, dadı damağımda qaldı. Dediyim kimi, zədə və koronavirus planlarıma ciddi təsir göstərdi.
– Azərbaycanda yaxşı və pis mənada sizi nələr təəccübləndirdi?
– Yaxşı mənada oradakı həyat tərzini qeyd edə bilərəm. Həmçinin, təhlükəsiz ölkədi. İnsanları da çox mehribandı. Pis şeylər çox görmədim.
– Bəs ən çox kimdən və nədən ötrü darıxırsınız?
– Orada qoyub getdiyim dostlar üçün darıxıram. Oradakı bəzi insanlarla hələ də tez-tez əlaqə saxlayır, hal-əhval tuturuq. Eyni zamanda, Azərbaycan futbolu və Premyer Liqasından ötrü də darıxıram.
– “Zirə”də olduğunuz bir il sizə nə qazandırdı?
– “Zirə” həm maddi, həm də mənəvi cəhətdən mənə çox şey qazandırdı. Çox yaxşı bir il keçirdik.
– “Zirə”ni və Azərbaycan futbolunu indi də izləyirsiniz?
– Təəssüf ki, iki ölkə arasında saat fərqi var. Buna görə də keçmiş komandamın oyunlarını çox izləmək imkanım olmur.
– Peru, İtaliya və Çexiyada çıxış etmisiniz. Azərbaycan çempionatını onlarla müqayisə edə bilərsiniz?
– Azərbaycan çempionatı çox yaxşı idi. Orada çıxış edən futbolçular da yüksək səviyəyə malikdilər. Yəni güclü komandaların yarışdığı bir liqadı.
– Hələ 30 yaşınız var. Yenidən Azərbaycanda oynamaq perspektivinə necə baxırsınız?
– İnanın ki, əgər belə bir imkan düşsə, mütləq qayıdacağam. Ancaq bunun üçün yerli klublardan təklif olmalıdı. İndiyə qədər isə hər hansı bir təklif almamışam. Gələcəkdə nə olacağını isə zaman göstərəcək.
– Azərbaycanda olduğunuz müddətdə ən yaddaqalan hadisə kimi nəyi deyə bilərsiniz?
– Türkiyədə keçirdiyimiz mövsümlərarası təlim-məşq toplanışı çox yaddaqalan oldu. Həmin vaxtlar çox əyləncəli keçdi. Həm karyera, həm də həyatımız baxımından yaxşı təcrübə oldu.
ABBAS