“Şamaxı”nın turnir cədvəlinin son pilləsində qərar tutmasının günahkarlarından biri də Orxan Fikrətoğludur. Klubun İdarə Heyətinin üzvü, ölkənin baş aşpazı Orxan…
Bu, həmin Orxandır ki, mövsümün əvvəlində mətbuatın haqlı tənqidlərinə görə sinəsini qabağa vermiş, İctimai TV-nin efirində jurnalistlərə böhtan atmış, hədələmişdi. Təmsil olunduğu klubun düzgün yolda olduğunu, dağı dağ üstə qoyacağını demişdi. Guya ki, mətbuat onların əməllərinə kölgə salır, Qafqazın “Barselona”sını qurmağa imkan vermir.
Həmin vaxt Fikrətoğlunun dovğasına düz səpmişdik, zaman isə “Şamaxı”nın qapısını Orxanın əlində fırlatdığı aşsüzənin gününə döndərdi. Bölgə klubu 33 tur ərzində cəmi 4 qələbə qazanıb, 23 xalı var və son pillədədir. Həmkar deməyə dilimizin gəlmədiyi bu zat isə həmin gündən bəri futbol səhnəsində görünmür. Yəqin aylardı resept hazırlayır, komandası üçün halva bişirir.
Cənab Fikrətoğlu, mətbuat “Şamaxı”nı tənqid etmədi, bu müddət ərzində bircə qərəzli yazı belə yazılmadı. İndi göstər görək – sənin xörəyinin duzu hanı? Sənin möhtəşəm strategiyanın, idarəetmə qabiliyyətinin nəticəsi hamıya aşağıdan yuxarı baxmaqdır? Qapınıza qolları jurnalistlərmi vurur?
Ümid edirik, Orxan anlayıb ki, başı çıxmayan yerə bədən soxanda nəticə belə də olmalıdır. Futbol hər yoldan keçənin gəlib baş çıxaracağı yer deyil. Burada bacarıq, səriştə olmalıdır. O isə nə Fikrətoğlunda var, nə də “Şamaxının İdarə Heyətinə yığışan digər futboldan bixəbərlərdə.
Əzizim Orxan, bu yazın oxuyub qurtardınsa, dur, qazı söndür, yeməyi yandırarsan. Futbolda bacarıqsız olduğun aydınlaşdı, heç olmasa, baş kulinar olaraq aşpazlıqda işləri korlama. Baxmayaraq ki, heç ora da sənin yerin deyil, vəzifəyə calaq olunmusan.
FƏRİD