“Zirə” bu gün daha çox məyusdur. Dünən “Kəpəz”i yenə bilməyən qəsəbə təmsilçisi avrokuboklara yollanmaq şansını azaltmışdısa, bu gün “Qəbələ”nin ev məğlubiyyəti ilə əldən necə böyük fürsətin qaçırıldığı aydın oldu. “Qartallar” gəncəliləri yenə bilsəydi, indi 4-cü pilləyə şərik idi.

Bəlkə “Qəbələ”nin ev məğlubiyyətində məhz həmin nəticənin yaratdığı arxayınlıq da rol oynadı. Özünü bir anda Konfrans Liqasında hiss edən meydan sahibləri evdə şok məğlubiyyət aldı. “Turan Tovuz”un 2 tur əvvəl “Zirə” üzərində qələbəsinə sevinən “Qəbələ” eyni zərbəni özü də aldı.

Tovuzluların uğuruna kölgə salmadan nəticədə meydan sahiblərinin zədələr üzündən matçı 9 nəfərlə bitirməsinin də rol oynadığını vurğulamalıyıq. İstənilən halda, qərblilər uğurlu seriyasını davam etdirməyi bacardı. 3, 4 və 5-ci yerdə qərarlaşan komandalar üzərində ardıcıl 3 qələbə qeyd edilməlidir. “Turan Tovuz” mövsüm bitməmiş 6-cı pilləni özü üçün təmin edib və bu, debütant üçün çox uğurlu nəticə sayılmalıdır.

Tovuzlular “Zirə”, “Neftçi” və “Qəbələ” kimi büdcələri müqayisə edilməyəcək komandalara 3 matça 9 qol vurdu ki, bu da müdafiə futboluna görə Ayxan Abbasovu tənqid edənlərə cavabdır. Elitada ilk mövsüm həyəcanı olmasaydı, sponsor daha tez tapılsaydı, komanda bəlkə avrokuboklara vəsiqə şansını hələ də saxlayırdı.

İstənilən halda, son iki tur “Qəbələ” ilə “Zirə”nin qiyabi mübarizəsi ilə yadda qalacaq. Qəsəbə təmsilçisi ardıcıl iki səfər matçında “Sabah” və “Sumqayıt”la üz-üzə gələcəksə, “Qəbələ” Şamaxı səfərindən sonra “Kəpəz”i qəbul edəcək.

Shares: