“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 34-cü turunun “Şamaxı” ilə qarşılaşmasından sonra (1:1) açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, o, oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Oyuna yaxşı başlamışdıq. Qol vurduq və daha sonra qol epizodları yaratdıq. İkinci hissəyə çox pis başladıq, qol buraxdıq. Demək olar ki, rəqibin qapısı önündə təhlükəli ola bilmirdik. Hazırda çətin vəziyyətdəyik. Futbolçuların problemlərini öyrənməliyik. Üçüncü yeri rəsmiləşdirmişik. Qarşıda kubokun finalı bizi gözləyir. Digər oyunlarda rahat oynamalıyıq. Özümüzə inam yaratmalıyıq. Epizodlar yaratmalı, oyunlardan həzz almalıyıq. Görürəm ki, futbolçular yalnız nəticəni düşünürlər. Onlar futbol oynamağı düşünməlidirlər. Bu qədər top itkisi olmaz. Daha yaxşı oynamalıyıq. Hazırda bu problemləri özümüz yaratmışıq. Vəziyyətdən çıxacağıq.
Məni narahat edən məqamlar var. Birinci hissə və ikinci hissə fərqli oyunlar izləyirəm. Daha çox yüz faizlik epizodlar yaratmalıyıq. Dəqiq ötürmələr etməliyik. İlk hissədə gördüyüm məqamlar məni ruhlandırır. Futbolçularımla birlikdə bu durumdan çıxacağıq.
Mert Çelik yaxşı oynadı. Onu dəyişmək istəmirdim. Ağrıları olduğu üçün dəyişmək məcburiyyətində oldum. Sürüşmə fəndini düzgün yerinə yetirməli idi. Mən onun oyunundan razı qaldım.
Azarkeşlərin oyuna gəlməməsi nə mənim, nə futbolçuların, nə də rəhbərliyin günahıdır. Biz hamımız birlikdə çalışırıq. Onların meydançaya gəlməməsi bizi narahat edir. Yalnız yaxşı oyun nümayiş etdirməklə fanatları stadiona gətirə bilərik. Oyunlarda ürək qoymaq lazımdır. Ölkə kubokunun final matçı fərqli olacaq. Azarkeşlərin sayı çox deyildi, amma sona qədər bizi dəstəklədilər. Oyundan sonra bizə arxalarını çevirsələr də, haqlıdırlar. Daha yaxşı oynamalıyıq.
Gəlin, öncə final matçını gözləyək və baş verəcək hadisələrə birlikdə şahidlik edək”.