Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa kubokunda Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.

Futbolinfo.az xəbər verir ki, turnirin ilk günündə kişilər arasında -60, -66 və -73 kq çəki dərəcələrində 6 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

-66 kq çəkidə Ruslan Paşayev qızıl, Kamran Süleymanov bürünc medal əldə edib. -73 kq çəkidə final görüşündə iki cüdoçumuz İbrahim Əliyev və Telman Vəliyev qarşılaşıb. Nəticədə İbrahim Əliyev qızıl medal əldə edib. -60 kq. çəkidə Rövşən Əliyev 5-ci, -66 kq. çəkidə Tofiq Əliyev isə 7-ci yerlə kifayətlənib.

İspaniyanın Malaqa şəhərində keçirilən gənclər arasında Avropa kubokunun ilk yarış günündə isə cüdoçularımız 1 qızıl və 1 bürünc medal qazanıblar.

-60 kq çəkidə Nizami İmranov yarışı 5-ci yerdə başa vurub. -66 kq çəkidə Aydın Rzayev qızıl medal qazanıb. Eyni çəki dərəcəsində yarışan digər cüdoçularımız Nicat Nağıyev 7-ci, Samir Piriyev 5-ci yerə çıxıb. -73 kq çəkidə Süleyman Əliyev yarışı 3-cü yerdə başa vurub. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Vüsal Qələndərzadə 5-ci yerlə kifayətlənib.

Polşanın Bielsko Biala şəhərində keçirilən yeniyetmələr arasındakı Avropa kubokunun ilk günündə isə Azərbaycan idmançıları 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə ediblər.

Oğlanlar arasında -50 kq çəkidə Əhməd Rüstəmov və Məhəmməd Məmişov, -66 kq çəkidə Cəsur İbadlı bürünc medal əldə edib.

Qızlar arasında -48 kq çəkidə Vüsalə Hacızadə qızıl, -52 kq çəkidə Xədicə Qədəşova gümüş medal qazanıb. -40 kq çəkidə Nigar Məmişova 5-ci, -52 kq çəkidə Aytən Verdiyeva isə yarışı 7-ci yerdə başa vurub.

Shares: