Misli Premyer Liqasının 35-ci turu nəticəsi önəm daşımayan matçla başladı. 3-cü yeri tutacağı xeyli öncədən bəlli olan “Neftçi” elitada qalmağı təmin edən “Kəpəz”in qonağı oldu. Gəncəlilərin stadion problemi üzündən Qəbələdə baş tutan qarşılaşma favoritin qələbəsi ilə bitdi.
Doğrudur, son oyunların nəticəsinə görə bakılıları daha şanslı saymaq riskli idi. Laurentsiu Regekampfın yetirmələri ardıcıl 5 oyun idi qələbə qazanmırdı. Lakin ciddi tənqidlərin fonunda komanda toparlanıb layiq olduğu qələbəni qazandı. Bunda “Kəpəz”in enişdə olması da rol oynadı.
Qələbəyə baxmayaraq, “Neftçi” ardıcıl 6-cı matçda top buraxdı. Bəzi əsas oyunçuları ehtiyatda saxlayan rumın məşqçi bəlkə də kubokun finalı öncəsi liderlərinə istirahət imkanı yaratmışdı. Amma gəncəlilər fasilə ərəfəsində hesabı açınca Regekampf əsas futbolçuları meydana buraxmağa məcbur oldu. Və onlar meydana daxil olduqdan 3 dəqiqə sonra hər şeyi dəyişdilər. Ardıcıl 3 qol matçın qalibini də müəyyən etdi.
“Kəpəz” 2023-cü ilə yaxşı başlayıb Premyer Liqada yerini təmin etdikdən sonra sanki futbol oynamağı unudub. Komanda ardıcıl 5 oyundur qalib gəlmir, hər matçda top buraxır. Tərlan Əhmədovun daim fiziki hazırlıq üzrə məşqçidən imtina etməsinin nəticəsi də özünü gözlətmir. Mövsümün sonuna doğru Gəncə təmsilçisinin 90 dəqiqə mübarizə aparmağa gücünün çatmadığı aşkar görünür. Təsadüfi deyil, komanda neçənci dəfədir hesabı açdığı oyunda üstünlüyü əldən verir, ümumilikdə 7 turdur 2-ci hissədə qol vurmur.
Həm “Kəpəz”in fiziki hazırlığının qaydasına olmaması, həm də Emin Mahmudov, Mateus Saldanya kimi liderlərin meydana çıxması “Neftçi”yə fasilədən sonra fərqli nəticəyə imza atmağa imkan verdi. Bakılılar kubok finalı öncəsi formaya düşməyə çalışırsa, “Kəpəz”də hamının mövsümün bitməsini gözlədiyi aşkar görünür. Əksər futbolçular komanda axtarır, Əhmədovun taleyi isə qeyri-müəyyəndir. Tərlan bəy ortaya məşqçi kimi Gəncədə qalmağa layiq iş qoyub, lakin onun qalmaqalları bitmir, hər gün yeni xəbər eşidirik. Bu səbəbdən yayda “Kəpəz”də ciddi dəyişikliklər ola bilər.
Gəncəli azarkeşlər də bu durumdan narazıdır. Komanda Premyer Liqada qalsa da, son nəticələr onları qane etmir və etirazlar yenidən baş qaldırıb. Çempionat başa çatdıqdan sonra nələrin olacağını birlikdə görəcəyik. İslahat gözlənilən “Neftçi”də isə sanki vəziyyət dəyişib. Regekampfın özünün qalacağını, müqaviləsi bitən futbolçularla danışıqların başladığını bildirməsi maraqlı nüanslardır.
FƏRİD