Kişi həndbolçuların Azərbaycan çempionatında təxirə salınmış oyunlar keçirilib.
Futbolinfo.az xəbər verir ki, 9-cu turun “Dinamo” – “Təhsil” matçı daha gərgin mübarizə ilə yadda qalıb.
Fasiləyə 1 xal fərqi ilə geridə yollanan “dinamoçular” çətinliklə də olsa vəziyyəti dəyişə biliblər – 33:32. Çempionatın lideri “İdman Akademiyası” növbəti qələbəni “Məhsul”la oyunda rəsmiləşdirib – 26:23. “Bakı” – U-16 görüşündə isə favorit statusunu təsdiqləyən nominal ev sahibi inamlı qələbə qazanıb – 49:21.
“Təhsil”lə “Dinamo”nun 10-cu turdakı dueli də gərgin və maraqlı mübarizə şəraitində keçib. Əsas vaxtı 29:29 hesabı ilə bitən görüşün taleyi penaltilər seriyasında müəyyənləşib. Burada isə daha dəqiq oynayan “Təhsil” 9-cu turdakı məğlubiyyətin əvəzini çıxmağı bacarıb – 32:30. “İdman Akademiyası” bu turda “Məhsul”a 23:24 hesabı ilə məğlub olduğu halda, “Bakı” U-16 komandası üzərində 37:24 hesablı qələbə qazanıb.
İdman Akademiyası 57 xalla yarış cədvəlinə başçılıq edir. İkinci pillədəki “Dinamo” liderlə xal fərqini 5-ə endirib. “Təhsil”lə “Məhsul”un hərəyə 44 xalı var. “Bakı” 25 xalla 5-cidir. Aktivlərində cəmi 6 xal olan RİOEUGİM və “U-16” autsayderdir.