Romelu Lukaku üçün növbəti çətin yay başlayır. “İnter”də icarə əsasında çıxış edən, müqavilə ilə “Çelsi”yə bağlı olan belçikalı hücumçunun harada qərar tutacağı bilinmir.
Futbolinfo.az xəbər verir ki, milanlılar forvardı transfer etmək niyyətində deyil. 30 yaşlı oyunçunu heyətə qatmaq üçün 80-90 milyon avro xərcləmək lazımdır, “İnter” isə 2021-ci ildə özünün 113 milyon avroya londonlulara satdığı Lukaku üçün bu qədər xərcə düşmək istəmir. Futbolçunun yenidən icarəyə götürülməsi də mümkün deyil. “Zadəganlar” 3 illik müqaviləsi qalan oyunçunu ya satmaq, ya da heyətdə saxlamaq niyyətindədir.
Maraqlıdır ki, “Çelsi”də özünü heç cür göstərə bilməyən Romelu da “İnter”də qalmağı arzulayır. Burada xoşbəxt olduğunu deyən forvard problemdən çıxış yolu tapılacağına ümidlidir: “Ötən mövsüm “Çelsi”də özümü yaxşı hiss edirdim. Lakin o zaman bilirdim ki, Londonda işlər yaxşı getməsə, “İnter” mənə qapı açacaq. Milanlılarla yeni nüqavilə imzalayanda da bu kluba aid olduğumu bilirdim. “Anderlext”də də eyni hissləri yaşamışdım. Bu klubu çox ciddiyə alıram, əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Azarkeşlər də bunun fərqindədir, məni cəsarətləndirirlər. Yayda necə olacağına baxacağıq”.