“Qarabağ”ın səviyyəsinə uyğun keyfiyyətli futbolçular alacağıq”.

Futbolinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl çempionluq ziyafətində jurnalistlərə açıqlamasında deyib.

“Zirə”nin hücumçusu Hamidu Keytanı transfer etdiklərini açıqlayan klub rəhbəri başqa keçidlər üçün çalışdıqlarını bildirib: “Qarabağ” artıq ulduz yetişdirən klubdur. Büdcəmiz çatan ən yaxşı cavan, istedadlı futbolçular seçiləcək. Onlarla birlikdə yenə Avropada önəmli yerlərdə qərarlaşacağıq. Uğurlu ilimiz oldu. Klubdan növbəti mövsüm daha uğurlu çıxış gözləyirəm. Bunun üçün önlərində heç bir əngəl yoxdur”.

O, 10-cu Premyer Liqa çempionluğunun əhəmiyyətindən bəhs edib: “10-cu çempionluq Azərbaycanda ilkdir. Bu bizi çox sevindirir. Hamımızda ayrı bayram sevinci var. 10 çempionluq o deməkdir ki, bu klubda artıq qələbə ruhu formalaşıb. “Qarabağ”ın loqosunda bir ulduz var. UEFA hər 5 çempionluğa bir ulduz verir. Bizim də loqomuz dəyişəcək, orada iki ulduz olacaq. Bu, böyük nailiyyətdir”.

T.Gözəl zəfəri işğaldan azad olunmuş Qarabağın təmsilçisi kimi qeyd etməyin onlar üçün qürur mənbəyi olduğunu vurğulayıb: “Bizə bu xoşbəxtliyi bəxş edən Prezident İlham Əliyevə, hökumətə və şəhidlərimizə minnətdarlığımı bildirirəm”.

Klub prezidenti artıq akademiya ilə bağlı əməli fəaliyyətə başladıqlarını deyib. Ancaq o, akademiyanın məkanı ilə bağlı tərəddüd keçirdiyini gizlətməyib: “Komandanın yalnız növbəti mövsümdəki çıxışı yox, uzunmüddətli layihəsi məni maraqlandırır. Hesab edirəm ki, ən böyük hədiyyə akademiyanın qurulması oldu. İki il əvvəl demişdim ki, akademiyada gənclərə investisiya etməyin zamanı gəlib. Artıq bu yöndə işlərə başlamışıq. Yavaş-yavaş “Qarabağ”ın akademiyasını tikəcəyik. Yer də müəyyənləşib. Amma mənim ürəyimdən keçən stadionumuzun ətrafında akademiya tikməkdir. Vahid “Qarabağ” ruhunun yaranması baxımından bu, çox önəmlidir. Akademiyanın stadionumuzun yanında olmasına çalışacağıq. Bunun üçün cənab Prezidentdən, nazirlərdən xahiş edəcəyik. Hələlik məkanımız var, Binə qəsəbəsinə yaxın yerdədir. İdeal yerdə deyil, bir az uzaqdır. Artıq bu il inşaata başlamağı planlaşdırırıq. Bu, klub prezidenti olaraq atdığım ən önəmli addımlardan biridir”.

Tahir Gözəl gələcəkdə bəzi vacib görüşlərin Ağdamda təşkilini də istisna etməyib: “Avropada müntəzəm oynayan “Qarabağ” kimi klubun əsası artıq Bakıdadır. Ölkə başçısının göstərişi ilə Ağdamda da stadionlar tikiləcək. Bu, vaxt aparan prosesdir. Doğru zamanda oyunlarımızı orada keçirməyimizə həmişə şad olaram. Bu, bizim üçün fəxr olar. Ancaq düşünürəm ki, “Qarabağ” infrastrukturunu Bakıda qoyub, məkanını da paytaxtda genişləndirməlidir. Lazımlı, önəmli matçlarımızı Qarabağda keçirmək bizim üçün böyük şərəf olar”.

Shares: