“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının sonuncu – 36-cı turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri ev oyununu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Oyundan çox danışmayacağam. Komandamı təbrik edirəm. İlk turdan son tura kimi öz iddiamızdan əl çəkmədik. İnanırdıq ki, sona kimi müqavimət göstərəcəyik. Konfrans Liqasına layiqli vəsiqə qazandıq. Mövsümün sonudur, futbolçuları da başa düşmək lazımdır. Sevindirici odur ki, komanda sona kimi öz xarakterini göstərdi. Heç kim səhvdən sığortalanmayıb. Hamımızda inam var idi ki, hədəfə çatacağıq. Bu oyunda Konfrans Liqasına vəsiqəni itirsəydik, həmin iddiadan kubokda yapışacaqdıq.
Hər xal önəmlidir. Qış fasiləsindən sonra çox geridönüşlər etdik. Bu da kollektivin xarakterindən xəbər verir. Komandanın daha da güclü olmağını istərdim. Qarşıda bir oyun var. Kubokun finalından sonra rəhbərliklə danışacağıq ki, bir az da güclənək.
Heç vaxt gərgin olmamışıq. Həmisə komandadan soyuqqanlı olmağı istəmişik. Bəzən alınır, bəzən alınmır. Bəli, bu gün məğlub olsaydıq, bir az stress yarada bilərdi. Amma inkişaf etmək istəyiriksə, bu cür vəziyyətlərdən keçməliyik.
“Neftçi” ilə kubokun finalının “Bakcell Arena”da keçirilməsi məncə, bizə təsir etməməlidir. Biz də Qəbələdə final keçirib məğlub olmuşuq. Finalın öz ab-havası olur. Daha çox istəkli olan komanda nəticəni əldə edir.
Önəmlisi komandanı qorumaqdır. Komanda iki il ard-arda avrokuboklara vəsiqə əldə etdi. İnkişaf etmək istəyiriksə, futbolçuların da maaşları qalxmalıdır. Ümid edirəm ki, bu yöndə müsbət siqnal alacağıq. Rəhbərliklə hələ tam danışığımız olmayıb.
Mən “Qəbələ”nin baş məşqçisiyəm, hələ ki, buradayam. Qarşıda nə olacağını heç kim bilmir. Heç vaxt müqaviləni düşünməmişəm. Burada münasibətlərdə qarşılıqlı hörmət dayanır. Finalda “Neftçi”ni məğlub edib sonrasına baxmaq istəyirəm. Bütün fikrim “Qəbələ”dədir”.