Misli Premyer Liqasında daha bir mövsümün sonuna gəldik. Dünən keçirilən üç oyuna bu gün daha ikisi əlavə olunacaq və fasilə başlayacaq.

Peşəkar Futbol Liqası bu gün mükafatlandırma mərasimini keçirəcəyindən həlledici qarşılaşmaları şənbəyə saldı. Və keçirilən 3 oyun bütün suallara aydınlıq gətirdi.

Əslində, sensasiya baş vermədi. Proqnozlar doğruldu, kiçik ümidlər böyük gözləntiləri üstələmədi. “Qəbələ” heç-heçə etməklə son dəqiqələrdə psixoloji basqıya düşsə də, “Zirə”nin kubokun finalınadək gözləməsinə imkan vermədi. Bölgə təmsilçisi “Neftçi” ilə mövsümün son oyununadək Konfrans Liqasına vəsiqəni təmin etdi.

“Zirə”nin yayda hansı addımlar atacağı çox maraqlıdır. Klub ya böyüməyə davam etməli, iddiasından əl çəkməməli, ya da birdəfəlik sıradan komandaya çevrilməlidir. Bütün bu suallara rəhbərliyin qərarından sonra aydınlıq gələcək. Amma bu qədər problemə rəğmən, qəsəbə təmsilçisinin son anadək ümidini qovması, 4-cü pilləylə eyni xala sahib olması gözardı edilməməlidir. Rəhbərlik komandaya diqqətini daha da artırmalı, transferlərdə xüsusi dəqiqliyə çalışılmalıdır.

“Zirə”nin bu mövsüm üçün ən böyük uğuru “Qarabağ”dan icarəyə futbolçu götürən klubdan çempionu gücləndirən legioneri – Hamidu Keytanı üzə çıxaran kollektivə çevrilməsidir. Deməli, nəticə hər nə qədər ürəkaçan olmasa da, artıq irəliyə doğru addım atılıb. Əldə olanları qorumaq və müsbət əlavələr etmək mümkün olsa, “Zirə” yenə medala namizəd komandalardan biri olacaq. Həm də bu mövsümdən alınan dərslər faydalı olmalıdır.

Bayıldakı matça gəlincə, mövsümün finalı əla alındı. “Səbail” son turlarda üstələdiyi “Şamaxı”nı nəhayət, böyük fərqlə geridə qoydu. Şəxsi oyundakı qələbə ilə “dənizçilər” Premyer Liqada kimin qalması ilə bağlı suala birdəfəlik aydınlıq gətirdi. Paytaxt təmsilçisi elitada qalmağa bölgə klubundan daha layiqli idi və bu, turnir cədvəlində əksini tapdı.

Əsas olan bundan sonrasıdır. “Səbail”in himayədarları eyni qayğını davam etdirməklə idarəçiliyə korrektələr etməlidir. Klub rəhbərliyinə bacarıqlı insanlar gətirilməli və yeni mövsümdə yüksək yerlər hədəf götürülməlidir. Son mövsüm göstərdi ki, imkanlı klub olmaq hələ güclü olmaq demək deyil. Klubun idarəçiliyi daha səriştəli adamlara tapşırılmalı, işlər peşəkar qurulmalıdır. Belə olarsa, növbəti mövsüm daha gərgin yarış izləyəcəyik.

Bu gün baş tutacaq matçlar turnir cədvəlində heç nəyi dəyişməyəcək. Bürünc və gümüş medalçılar mövsümü major notda başa vurmağa çalışacaqsa, “Qarabağ” 2-ci beşliyin lideri ilə görüşdə mövsümü bağlayacaq – 10-cu çempionluqla, 2-ci ulduzla…

FƏRİD

Shares: