“Səbail” – “Şamaxı” matçının nəticəsi həm də mövsümün ən zəif komandasının adına aydınlıq gətirdi. Mövsüm boyunca heç vaxt hakim səhvindən əziyyət çəkməyən, əksinə, bir neçə kritik xal qazanan bölgə təmsilçisi birbaşa rəqibinə yenilməklə I Diviziona yollandı.
Mövsüm başlayandan səhv strategiya seçdiyini yazdığımız klubun aqibəti belə olmalı idi. Və doğrusu, peşəkar futbola belə barmaqarası münasibət bəsləyən klubun elitada qalması yaxşı olmazdı. Rəhbərliyin idarəçilik bacarığı Premyer Liqa tələblərinə cavab vermirdi və layiq olduqları yerə getdilər.
Heyətində bircə şamaxılının da olmadığı komandanı qondarma bölgə təmsilçisi etmək alınmadı. Deyəcəksiz ki, ümumiyyətlə, heç bir klubumuzda şamaxılı yoxdur. Bəli, doğrudur, o zaman Şamaxını yalandan futbol şəhəri etməyə çalışmaq nəyə lazım idi? Bu şəhər də ölkəmizin dilbər guşələrindəndir, stadiona, komandaya, yüksək səviyyədə təmsilçiliyə layiqdir. Lakin öncə təməli yaratmaq lazımdır. Uşaq komandalarından, bölmələrindən, Region Liqasından, I Diviziondan mərhələli inkişafla böyük futbola keçid etmək olar. Bu insanlar isə sağlam olmayan bünövrənin üstündə bina ucaltmağa cəhd etdi və altında qaldılar.
Səhv strategiya idi, lakin indi “Şamaxı” rəhbərliyinin yanlışları düzəltmək imkanı olacaq. Komanda Diviziona yuvarlandı və toparlanmağa, nümunəvi Divizion komandası qurub yenidən Premyer Liqaya yüksəlməyə əla fürsət var. Yerli gənc kadrlarla işə başlamaq, elitaya gələrkən daha da güclənmək mümkündür. “Şamaxı” bu yolu seçməlidir.
Klub rəhbərliyi yerli gənclərin inkişafına təkan verdiklərini deməsin. Komandanın heyəti başdan-ayağa icarəyə gələnlərdən ibarət idi. İndi onlar “Neftçi”yə, “Zirə”yə, “Qarabağ”a, “Sabah”a və s. qayıdacaq. Düşərgədə isə heç kimə lazım olmayan veteranlar qalacaq. Belə bir kollektiv Premyer Liqada niyə oynasın ki?
Zaman göstərdi ki, Şamaxıda futbola maraq da çox yüksək səviyyədə deyil. Tovuzla, Gəncəylə müqayisə etmək mümkünsüzdür, sabah Diviziona buraxılacağı təqdirdə Quba, Lənkəran, Masallı, Bərdə təmsilçiləri Şamaxının elitadakı komandası ilə müqayisədə daha çox azarkeş toplayacaq. Dirənmək lazım deyil, zorla gözəllik olmur.
Bu komanda “Xəzər Universiteti”, “İnter” və “Keşlə”dən “Şamaxı”ya çevrilmişdi. Əvvəllər də sonuncu olub Premyer Liqada saxlanılmışdı. İllərlə güzəşt edildi, yıxıla-dura irəlilədi və nəhayət, təslim oldu. Perspektivi olmayan, illər ərzində ancaq dövlət büdcəsini dağıdan kluba bu qədər yardım kifayət etməlidir.
Premyer Liqa sonuncusunun Diviziona düşməsi, illər sonra belə olacağının açıqlanması faktı mövsümün sonunu çox maraqlı etdi. İdman prinsipi, rəqabət məhz belə olur. 5-10 gündən sonra AFFA İcraiyyə Komitəsi hansısa bəhanəylə “Şamaxı”nı Premyer Liqada saxlamağa qərar versə, bu, hər şeyə tüpürmək anlamına gələcək. Belə qərar digər autsayder komandaların rəhbərliyinin, məşqçi və futbolçularının, azarkeşlərinin aylardı çəkdiyi əziyyəti, keçirdiyi əsəbi ayaq altına atmaq demək olacaq. Məğlubu qaliblərin sırasında saxlatmaq futbol təsərrüfatında olan hər kəsə hörmətsizlik nümunəsi olardı. Ümid edirik, belə olmayacaq.
AFFA, PFL rəhbərliyi aylardı sonuncu olan komandanın Premyer Liqanı tərk edəcəyini deyir. Bu, dönüş anıdır. Onların vədləri ayaq altına atılsa, kimsədə futbol idarəçilərinə inam qalmayacaq, gərək hamısı istefa ərizəsini yazıb getsin, ölkə futbolunun kimlərinsə bahalı oyuncağı olduğu etiraf edilsin. Komanda sayını artırmaq istəyirlərsə, lap əla, amma bunu idman prinsiplərinə uyğun etməlidilər – “Şamaxı”nın getməsi, onu 3 klubun əvəz etməsi ilə…
Son günlər “Şamaxı” rəhbərliyi AFFA-ya, İcraiyyə Komitəsinə inanılmaz təzyiq edir. Təbii ki, açıq şəkildə yox, sadəcə, futbol kuluarlarında arxalarında yüksək vəzifəli şəxslərin, qurumların durduğunu işarə edirlər. Ad çəkmirlər, işarələrlə göstərirlər. Halbuki əminik ki, həmin şəxslər, qurumlar da rəzil idarəçiliyi olan klubla adlarının yanaşı çəkilməsini istəməz, bacarıqsızları dəstəklədiklərini göstərib öz müsbət imiclərini zədələməzlər. Bu, başqalarına əzələ nümayişi olar və yaxşı qarşılanmaz.
“Şamaxı” rəhbərliyi, himayədarları həqiqətən Azərbaycan futbolunu düşünürsə, doğru işlər görüb yenidən futbol səhnəsinə qayıtmalıdır. Onlar bununla həm də idman prinsiplərinə, ədalətli futbola töhfə vermiş olarlar, nümunəyə çevrilərlər, xoş tendensiyanın yaranmasına şərait yaradarlar. Bütün “ehtiyat fondu”nu təzyiqlərə sərf etmək, layiq olmadan özündən güclülərlə bir sırada dayanmaq “Şamaxı”nı sevimli klub yox, əksinə, “day-daylı klub” imici ilə daim başıaşağı edəcək.
Futbolinfo.az aprel ayında, hələ mövsümün bitiminə 6 tur qalarkən klublar arasında sorğu keçirmiş, Diviziona düşəcəkləri təqdirdə hansı addımlar atacaqlarını soruşmuşdu. O vaxt “Şamaxı”nın İdarə Heyətinin sədri Elçin Usub belə cavab vermişdi: “I Diviziona düşəcəyimiz təqdirdə yenə də öz strategiyamızdan əl çəkməyəcəyik. Gənc və perspektivli oyunçularla çıxışımıza davam edəcəyik. Geridə qalan müddətdə Şamaxı şəhərində öz infrastrukturumuzu müəyyən səviyyədə qurmuşuq və getdikcə bu infrastrukturu təkmilləşdirəcəyik. I Diviziona düşəcəyimiz təqdirdə heyətdə olan gənc oyunçularla yolumuza davam edəcəyik və bir mövsümdən sonra yenidən Premyer Liqaya qayıtmaq üçün mübarizə aparacağıq”.
Elçin bəyin bu sözlərə sadiq qalacağına, pərdə arxasında güzəşt istəməyəcəyinə, təzyiqlər göstərilməsinə cəhd etməyəcəyinə ümid edirik. Zatən zorla reallaşdırılan addımlar bəyənilməyəcək, klubu ictimaiyyətə, azarkeşlərə sevdirmək üçün əzələ göstərmək yox, səylə çalışmaq, nümunə olmaq lazımdır.
FƏRİD