Misli Premyer Liqasında daha bir mövsüm başa çatdı. Çempionu da, medalçıları da, autsayderləri də gözlənilən komandalar oldu, ciddi sürpriz baş vermədi.
Qızıl medal uğrunda “Neftçi”nin yox, “Sabah”ın “Qarabağ”a əsas rəqib olması, “Turan Tovuz”un boyundan hündürə tullanması, “Səbail”in daha yaxşı imkanlara rəğmən sonadək Premyer Liqada qalmaq uğrunda mübarizə aparması gözlənilməz idi. Bununla belə, avrokuboklara gedənlərin siyahısı proqnozlaşdırıldığı kimi şəkilləndi.
Çempionatın bağlanış günündə “Neftçi” bu mövsüm ilk dəfə “Sabah”ı məğlub edib aradakı xal fərqini 13-ə endirdi. Amma bu, yalnız zəif təsəllidir. Çünki dünənki oyunun xüsusilə 2-ci hissəsində nominal qonaqlar yenə üstün futbol sərgilədi, bir neçə real epizodu əldən verdi. Hətta penaltini də boşa verən “Sabah” avrokubok mövsümünə “Neftçi”dən daha hazırmış kimi görünür.
Lakin Laurentsiu Regekampfın yetirmələrinin bu matça ehtiyatlı yanaşdığını da unutmayaq. “Neftçi” ölkə kubokunun finalında “Qəbələ” ilə oyunu düşündüyündən qüvvəsinə qənaət edirdi. Yekunda həm qələbə qazanıldı, həm də finala zədələrsiz yollanmaq mümkün oldu.
“Qarabağ” da mövsümə qələbə ilə yekun vurdu. “Turan Tovuz”un 4 oyunluq məğlubiyyətsiz seriyasını dayandıran ağdamlılar çempionluq kubokunu qəbul etdiyi matçı, eyni zamanda mövsümü major notlarla yekunlaşdırdı. Ən yaxın izləyicisini 9 xal qabaqlayan çempionun 36 tura 90 xal qazanmaqla əla göstəriciyə imza atdı. Son pillənin sahibini 65 xal qabaqlamaq isə rəqiblər arasındakı səviyyə fərqinin göstəricisi sayılmalıdır.
FƏRİD