İmişli şəhər stadionuna elektrik enerjisinin verilməsi dayandırılıb. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, buna səbəb arenanın “Azərişıq”a borcunun olmasıdır.
Belə ki, “Mil-Muğan” klubunun zamanından stadionun 14 min manatlıq borcu yığılıb. Bu səbəbdən də stadionun elektrik enerjisi kəsilib.
Məsələ həllini tapmasa, hazırda arenanın xidmətindən yararlanan “İmişli”nin problemləri yaranacaq. Sözügedən komanda bir müddət Saatlıda oynadıqdan sonra doğma şəhərə qayıtmışdı və yeni mövsümə burada başlamaq istəyir. Borcu ödəməli olan “Mil-Muğan” isə tarixin yaddaşına köçüb, problemin necə həll olunacağı bəlli deyil.
Üstəlik, stadionla “İmişli” klubu arasında imzalanan müqavilənin vaxtı bitib. Lakin yeni sözləşmə hələ imzalanmayıb. “İmişli” klubu yeni müqavilə üçün stadiondakı elektrik enerjisinin bərpasını gözləyir.