Formula 1 üzrə dünya çempionatının coğrafiyasını genişləndrimək rəhbərliyin əsas vəzifələrindən biridir. Bunu bir neçə dəfə qurumun rəhbəri Stefano Domenikali açıq şəkildə bəyan edib.

Əsas hədəflərdən biri də Afrika qitəsində qran-pri keçirməkdir. Bunu təşkil etməyə ən yaxın namizəd CAR sayılırdı. Lakin promouterlər çətinliklərlə üzləşdiklərinə görə yarışı 2025-ci ilə qədər təxirə salıblar. Belə olan vəziyyətdə alternativ variant ortaya çıxıb. Belə ki, Zənzibar (Tanzaniya) Formula 1-i qəbul etməyə hazır olduğunu bildirib. Ölkə rəhbərliyi bunun üçün 500 milyon avro ayırmağa hazır olduğunu qeyd edib. Layihəni ölkə prezidenti də dəstəkləyib.

Məlumata görə, 10 gün ərzində Zənzibar trassının layihəsi hazırlanıb. Onun uzunluğu 7 km-ə yaxın olmalıdır.

“Biz ölkədə avto idman tədbirinin keçirilməsi üçün Zat-aliləri, Zənzibarın Prezidentinin və İnqilabi şuranın Sədrinin xeyir-duasını aldığımıza görə çox şadıq. Bu, təkcə yarış baxımından vacib olmayacaq. Həmçinin, Zənzibarı və Afrikanı turizm nöqteyi-nəzərindən fərqli bir səviyyəyə qaldıracaq”, – deyə layihənin mətbuat katibi Tulik Səlim Türki qeyd edib.

Qeyd edək ki, Zənzibar Tanzaniyaya aid muxtar bölgədir. Əhalisinin böyük hissəsi müsəlmandır. Zənzibar dünyaya ədviyyat ixrac etməklə tanınır.

bdcdf59e f96a 41af beac 3ffe7546f5ed - Futbolinfo.az
Shares: