A Seriyasını tərk edəcək komandanın adına iyunun 11-də aydınlıq gələcək. İtaliyada mövsüm bitsə də, B Seriyasına gedənlərdən yalnız ikisi bəllidir.
Futbolinfo.az xəbər verir ki, eyni xala malik olan “Spetsiya” və “Verona” son turu da məğlub başa vurdu. “Spetsiya” “Roma”ya son dəqiqələrdə buraxdığı qolla yenildisə, “Verona” “Milan”a uduzdu. Belədə 31 xala malik komandalar arasında ekstra-matç təşkil ediləcək. Reqlamentə görə, eyni xallı komandalar A Seriyasında qalmaq üçün bir həftə sonra üz-üzə gəlməlidir. Məğlub olan B Seriyasına yollanan “Sampdoriya ” və “Kremoneze”yə yoldaş olacaq.
Xatırladaq ki, İtaliyada “Napoli” çempionluğu bayram etdi. Bu komanda ilə yanaşı, “Latsio”, “İnter” və “Milan” Çempionlar Liqasının qrupuna vəsiqə qazandı. “Atalanta” ilə “Roma” Avropa Liqasının qruplarında oynayacaqsa, “Yuventus” Konfrans Liqasının pley-offunda çıxış edəcək.