17 qat Azərbaycan çempionu və yeni mövsümdə növbəti dəfə ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz Naxçıvan”da baş məşqçi vəzifəsinə yeni təyinat reallaşıb.
Futbolinfo.az xəbər verir ki, mayın 31-də müqaviləsi başa çatan Joze Alesio Da Silva və onun köməkçisi Cordan Silva ilə müqavilə yenilənməyib.
Baş məşqçi postuna Vitali Borisov təyin olunub. Ona serb mütəxəssislər – Predraq Raiç və qapıçı-məşqçi Zoran Rakiçeviç kömək edəcək. P.Raiç bir müddət EKOL komandasında çıxış edib və baş məşqçi kimi fəaliyyət göstərib. Hər 3 məşqçi ilə anlaşma 1 il müddətinədir.
Qeyd edək ki, Vitali Borisov Azərbaycan millisinin, eləcə də “Araz Naxçıvan”ın heyətində çıxış edib, kapitan sarğısını daşıyıb. O, futzalçı kimi müxtəlif illərdə Rusiya və Serbiya klublarında da legioner həyatı yaşayıb. Məşqçi kimi isə 2 il əvvəl “Neftçi” İK-da fəaliyyət göstərib. O, komandada köməkçi-məşqçi vəzifəsini icra edib. 2021-2022-ci il mövsümündə “Neftçi” İK Yüksək Liqanın bürünc medalını qazanıb, Azərbaycan kubokunun qalibi olub.
Vitali Borisov, 5 iyul 1982-ci ildə Bakıda anadan olub.
Futzalçı kimi heyətində çıxış etdiyi klublar:
Anqloil – 2000-ci il
Tribut – 2001-2003
Araz-Naxçıvan – 2004-2005
Azfarma – 2005-2006
Araz-Naxçıvan – 2006-2008
Dina (Rusiya) – 2008-2010
Araz-Naxçıvan – 2010 – 2014
Fener – 2014-2015
Ekonomaç (Serbiya) – 2015-2017
Neftçi İK – 2017-2018
Marafon Futsal – 2018
Məşqçi kimi fəaliyyəti:
Neftçi İK – 2021-2022
Uğurları:
UEFA kuboku, bürünc medal – 2 dəfə
Azərbaycan çempionu – 7 dəfə
Azərbaycan kuboku – 4 dəfə
Serbiya çempionu – 2 dəfə
Serbiya kuboku – 2 dəfə
Milli komanda
2001-2019-cu illərdə Azərbaycan millisinin heyətində çıxış edib. O, 5 dəfə Avropa, 1 dəfə isə dünya çempionatının final mərhələsinin iştirakçısı olub. Millinin heyətində ən yüksək nəticəsi 2010-cu ildə keçirilən Avropa çempionatının final mərhələsində 4 yeri tutmaqdır.