“Neftçi” mövsüm başa çatan kimi, ilk iş olaraq qapıçısı İvan Brkiçlə yeni müqavilə imzaladı. Çünki xorvatiyalı qolkiper uğursuz keçən mövsümün ən yaxşılarından biri idi.
Futbolinfo.az saytı xəbər verir ki, 27 yaşlı oyunçu ölkəsinin mətbuatına açıqlamasında “ağ-qaralar”da qalmasının səbəbini də açıqlayıb. Brkiç bunu bakılıların təklifinin daha real olması ilə əlaqələndirib: “Klub rəhbərliyi ilə görüşdükdən sonra yeni ikiillik müqaviləyə razılaşdıq. Həmçinin, anlaşmanı daha bir il uzatmaq imkanımız olacaq. Mənə müxtəlif ölkələrin klublarından bir neçə yaxşı təklif gəlmişdi. Ancaq içlərində ən konkreti “Neftçi”nin təklifi idi. Bakıda çox xoşbəxtəm. Buna görə də nəyisə dəyişməyə səbəb görmədim”.
Qeyd edək ki, İvan Brkiç ötən ilin əvvəlindən “Neftçi”nin formasını geyinir.